"Qarabağ"ın problemlərini, çatışmazlıqlarını niyə unuduruq?

22 Avqust 2019 15:38 Köşə 936
"Qarabağ"ın problemlərini, çatışmazlıqlarını niyə unuduruq?

Avropadakı yeganə təmsilçimiz "Qarabağ" bu axşam yenidən meydana çıxır. Son illər avrokuboklarda minimum pley-off mərhələsinə qədər irəliləməsi artıq adi hal almış Ağdam təmsilçisinin budəfəki hədəfi də qrupa düşməkdir. Bu sarıdan çox böyük fürsətimiz də var: "Linfild"...

Pley-off-da rəqibimiz olacaq Şimali İrlandiya klubu kağız üzərində cütün aşkar autsayderi hesab olunur. Dünyanın ən bərkgedən bukmeyker kontorları belə, britaniyalılara şans tanımır. Doğma meydanda oynasalar da, kontorlar "Linfild"in qələbə şanslarını "Qarabağ"dan 6-7 dəfə az görürlər. Deməli, əsl reallıq və vacibat budur ki, "köhlən atlar" Avroliqanın qrupuna vəsiqə qazanmalıdır.

Həqiqətənmi "Linfild" bu qədər zəifdir? Yoox, qətiyyən. Kağız üzərində olan rəqəmlər elə kağız üzərində də qalır. Tarix də bunu dəfələrlə sübut edib, çox az istisnalarla. Nə olur-olsun, irlandlar bu mərhələyə vəsiqə qazanıblarsa, rəqibi ciddiyə almamağın özü böyük bir qəbahət, qeyri-peşəkarlıq olar. Məgər bu komandanı buraya qədər UEFA prezidenti Aleksandr Çeferin öz əliylə dartıb gətirib?

Hə, "Linfild" təmsilçimizdən zəif, səviyyəcə aşağı, şansları məhdud görünə bilər. Onunla da tam razıyam ki, cütün aşkar favoriti Qurban Qurbanovun komandasıdır. Ancaq bəs ağdamlıların heyətdəki problemlərini, çatışmazlıqlarını niyə unduruq?

APOEL-lə Bakıdakı cavab oyununda "Qarabağ"ın mərkəz müdafiəçisi Rahil Məmmədovl ikinci "sarı", Riçard Almeyda isə qırmızı vərəqə alaraq komandasını pis vəziyyətdə buraxdı. Onların və zədədən yeni qayıdan Bədavi Hüseynovun bu axşam meydana çıxmayacağı dəqiqdir. Aylton, Maksim Medvedev və Slavçevin də yüngül zədələndiyi, görüşə tam hazır olmadıqları bildirilir. Hələ futbolçuların APOEL-ə gözlənilməz Bakı məğlubiyyətinin depressiv təsirindən çıxıb-çıxmadıqları da naməlumdur.

Qısası, görünən budur ki, komandada kifayət qədər çatışmazlıq var. Və bu halda "Qarabağ"ın arxayınlaşmaması birinci və bəlkə də ən vacib detaldır. Zatən "Linfild"in qələbə qazanacağına, turu keçəcəyinə heç kim inanmır. Hətta klubun sadiq azarkeşləri də mərhələ adlayacaqlarını yuxuda görsələr, şübhə ilə yanaşarlar. Ancaq "Qarabağ"ın üzərinə düşən istənilən halda məsuliyyətli olmaq, arxayınlaşmamaqdır.

ƏHƏD

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"