"Neftçi"dən pula görə qaçanları geri qaytarmaq… ELXANIN DOĞRULAN "YALAN"I

2 Yanvar 2017 11:48 Köşə 1 355
"Neftçi"dən pula görə qaçanları geri qaytarmaq… ELXANIN DOĞRULAN "YALAN"I

İcraçı direktor Orxan Hüseynzadə iddita edib ki, "Neftçi" "Trabzonspor"dan ayrılması gün məsələsi olan Ramil Şeydayevlə maraqlanmır. Bu yandan isə Elxan Abdullayev Türkiyəyə uçur və baş məşqçinin orda millinin hücumçusu ilə görüşüb dilə tutduğu barədə mətbuatda xəbərlər çıxır.

Eyni zamanda, "İnter"in yarısına "əlcək atıblar". Utanıb eləməsələr, "İnter"dəkilərin hamısını "Neftçi"yə köçürərlər. Birinci də "bankirlər"in yığmadakı üzvlərini. Bir-bir təsdiqlənir. Səlahət Ağayev, Tərlan Quliyev, Ağabala Ramazanov, Ruslan Abışov etiraf edir ki, paytaxtın əks qütbündən onlara təklif gəlib, danışıqlar gedir.

Nə oldu, Sportinfo.az-ın noyabrın 12-də – Şimali İrlandiya ilə oyun gün yaydığı şok xəbər yalan idi bəs? Belə demirdilərmi, baş atıb başlarını tutmurdularmı? Yalandan and-aman edib, "Belfastda heç kimə belə təklif olmayıb, dez söhbətdi, inanmayın" demirdilərmi el-aləmə? Heç 40 gün də çəkmədi, gördüz də.

"Neftçi" camiəsi görsün indi. Elxan Abdullayevin yaşlı-başlı klubun yetirmələrini necə iştah və həvəslə ora-bura dağıtmasını. Ruslan Qurbanovun "Qəbələ"yə satılmasına razılıq verən Vəli Qasımovu az qala "xalq düşməni" elan etrmişdi. "Neftçi"nin şinelindən çıxan Araz Abdullayevin "Qəbələ""yə, Elşən Abdullayevin "Qarabağ"a yollanmasına nədi sözü? Hələ deyirlər, Cavid İmamverdiyev, Rəhman Hacıyev və Kamal Qurbanov da ağ-qara formayla vidalaşmağa hazırlaşır.

Elxan Abdullayevin "Neftçi"ni gücləndirmək kimi bir fikri yoxdu, biləsiz. O. maddi cəhətdən özünün güclənməsinə çalışır. Səlahət istisna olmaqla, "İnter"dən istədiyi futbolçuların hamısı vaxtilə "Neftçi"nin şərəfini qoruyub. Burdan "get" de, ordan "alıram" de: aldım qoz, satdım qoz deyilmi bu?

Ruslan "Xəzər Lənkəran"la anlaşanadək "Neftçi"nin kapitanı idi. Mübariz Mənsimovun klubuna 1 milyon dollara başa gəlmişdi onunla anlaşma. Ağabala da qardaşı Zaur Ramazanovun təkidi ilə cənub marşrutu üzrə hərəkət etmişdi. Abışov kimi, kiçik Ramazanovun da keçidi qalmaqal yaratmışdı.

Tərlan Quliyev isə "Qarabağ"ın dəvətini dəyərləndirməkdən sonra "Neftçi"ni bir-birinə vurmuşdu. Pula qaçmış sabiqlərə yenə manatın gücünə "Neftçi" forması geyindirmək istəyirlər. Birinə 250, birinə 300, birinə 300 min manat təklif edirlər. Məhəbbət zorla olmur, Abdullayev!

Bu futbolçular ölkə xaricinə yollanmağa gecikirlər. İnanmıram ki, "Neftçi"ni canlarından çox istəyən həqiqi azarkeşlər vaxtilə klubu atıb qaçmış futbolçuların dönüşünə sevinsin, qucaq açsın. Elxan Abdullayev hamam suyuna özünə dost tutmaq cəhdindən əl çəkməsə, bu həmlənin bumeranq kimi üzünə qayıdacağına əmin olsun. AFFA yaxasını çəkməsin kənara, nəzarətindəki kluba barmaq silkələsin.

Doğrudan da, millinin güclənməsini istəyirlərsə, "İnter"in futbolçularını Azərbaycandan kənara göndərsinlər. Dördü də Portuqaliya və Xorvatiyanın ortabab komandalarında oynaya biləcək potensialdadı. Bu gənclərə ən böyük yaxşılıqları o olar ki, Ramil Şeydayev, Emin Mahmudov, Elnur Cəfərov və Kamran Ağayevin davamçısı olmalarına şərait yaradılsın.

ELXAN

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer