Bordinlə Petrovun "kitabı bağlandı" - Bu azarkeş sizi bağışlamaz!

20 Avqust 2019 16:14 Köşə 1 625
Bordinlə Petrovun "kitabı bağlandı" - Bu azarkeş sizi bağışlamaz!

Azərbaycan Premyer Liqasında 1-ci tur başa çatdı. Avroliqadan "suyu süzülə-süzülə" geri qayıdan "Neftçi" daxili çempionata da uğursuz başladı. Çempionluq uğrunda mübarizə aparan klubun doğma meydanda 1 xalla kifayətlənməsi müsbət nəticə sayıla bilməz. Əslində bu, düzələn məsələdir, turlar ötdükcə daha yaxşı nəticələr qazanmaq olar. Amma əsas fikri uğursuzluqdan yayındırıb azarkeşləri günahladırmaq...Həə, məsələ artıq kifayət qədər qəlizləşir. Yəqin, dünən "Sabah"la oyundan sonra "Neftçi"nin baş məşqçisinin, müdafiəçisinin verdiyi açıqlamalardan xəbəriniz var.

"Mən belə adamları azarkeş hesab eləmirəm. Oyun başlayan kimi kimisə istefaya səsləmək ağılsızlıqdır. Sadiq-əsl fanatlar belə hərəkətlər eləməzlər" - Bu sözləri Premyer Liqanın ilk turunda evdə "Sabah"la heç-heçə edən "Neftçi"nin müdafiəçisi Kiril Petrov deyib.

Deyib deyərkən, ağzından "quş" buraxıb. Çün azarkeşə qarşı belə ifadə işlədənlərin hamısının aqibətini görmüşük. Əminliklə deyə bilərəm ki, ukraynalı durduğu yerdə özünə düşmən qazandı. Səhvlərini ört-basdır eləmək əvəzinə "quş"layan Petrov peşəkarlıq prinsipinə zidd gedərək onları 90 dəqiqə durmadan dəstəkləyən fanata arxasını çevirdi. Biz tərəflərdə də kürək çevirəni arxasından təpik vurub yola salırlar. Bu azarkeş səni bağışlamayacaq, Petrov! Təbii, hələ yalvarın, dua edin ki, sizi meydanda tək buraxmasınlar. Artıq onlar da bəyanat yayıb, meydandan çəkildilər. Gedin, başınızın çarəsinə baxın.

"Bizim uğursuzluğumuz mətbuat üçün də bir səbəbdir ki, komandımızı tənqid etsinlər" - Bunu da Petrov deyib. Bəlkə oyundan sonra ağlı başında olmayıb, ya dünən meydanda "paxmel" olub - nə danışdığının fərqinə varmayıb. Amma "Neftçi"dən biri bunları ona xatırlatsa, pis olmaz. Kiril, sən udsan da, uduzsan da, mətbuatın işi yazmaqdı. Əlbət ki, normaldır. Yarım-həvəskar "Sperantsa"dan, "Arsenal"dan qol buraxmayanda gözümüzün ağını "mazol" eləmişdiz, media da sizə dəstək olaraq yazmırdı ki, tələsməyin, hələ əsl gücünüzü qarşıdakı oyunlarda görəciyik. Sağ olsunlar, israillilər elə bir oyunla - Bakıda sizin nəyə qadir olduğunuzu üzünüzə çırpıdlar. İndi gəlib yekə-yekə danışırsan ki, mətbuat elə gəldi, azarkeş belə getdi.

"Anlaya bilmirəm ki, bu əks-hücumlar hardan və necə yaranır" - məni qınamayın, vallah, Petrov, deyəsən, meydana içib çıxır. Özü də müdafiədə oynayan, son 3 rəsmi oyunda qapısından 5 top buraxan müdafiəçi niyə belə bir açıqlama versin ki? Qardaş, işinin öhdəsindən gələ bilmirsən, çatdırmırsan, ona görə sağdan-soldan gələn sürətli əks-hücumlar qolla nəticələnir, sənin də ruhun incimir. Burda nə var ki anlamamalı?..

"Komanda məğlub olsa, azarkeşlər istefaya səsləyə bilər. Amma onlar da azlıq təşkil edirdi. Səhv etmirəmsə, 30-cu dəqiqəyə yaxın, hesab 0:1 olarkən azarkeşlər istefa şüarını səsləndirirdilər. Məncə, onlar əsl “Neftçi” azarkeşləri deyildi. Hiss olunurdu ki, öyrədilmiş hərəkət idi" - bu sözlər isə "ağ-qara" klubun "fenomen" baş məşqçisi Robert Bordinə məxsusdur. İtalyan artıq havalarda uçur, hələ də Avroliqada 2 mərhələ keçməyin sevincindən çıxa bilmir. Peşəkar olmaq lazımdır, sinyor Bordin! Dünyanın heç bir yerində peşəkar məşqçi onları hər daim dəstəkləyən azarkeş haqqında belə danışmaz, lazımsız ifadə işlədib fanatı komandanın üzərinə qaldırmaz. Sizin də kitabınız beləcə bağlandı. Başınız, salamat.

P.S. Ölkədə 1000 azarkeş varsa, tən yarısı, bəlkə də yarıdan daha çoxu "Neftçi"nin payına düşür. Mənim tanıdığım bu azarkeş Bordini də, Petrovu da bağışlamayacaq!

Elvin ƏHƏD

Xəbər Lenti