"Neftçi"dən istefa verin!

16 Avqust 2019 10:50 Köşə 1 605
"Neftçi"dən istefa verin!

Roberto Bordin oyun qurmaq mənasında Yozef Abuksisin əlinə su tökməyə də yaramaz.

Məşqçi elə olar e!

Yeni yığılan, gənc və keyfiyyətcə qat-qat zəif heyətlə "Neftçi"nin altından vurub, üstündən çıxdı, Bordinə anlatdı ki, formasında THY yazılmış komandanı meydana çıxara bilərsən, onu oynatmaq və pley-off biletini əldə etməyə isə baş işlətməlisən…

Bu yaşıl sahə üzərində bir şahmat oyunu idi, daha taktik və uzaqgörən məşqçi sonda sevinən şəxs olacaqdı.

Bordin "Neftçi"ni cütün favoriti hesab etdirməsəydi, "Bney Yehuda"nı düzgün qiymətləndirsəydi…

Klub rəhbərliyinə israrla məsləhət görərdim ki, Abuksislə irəliləyən günlərdə danışıqlara başlasınlar, çalışıb gətirsinlər. Onda məşqçi bacarıqlarının bir çoxu var, "Qarabağ"la kəllə-kəlləyə gələcək komanda qurmaq istəyirlərsə, sükanı bu adama tapşırmalıdılar.

Bordin cığaldı. Uzudmağı da bacarmır. Nə zaman məğlub olur, hay-küy salır, ara qatır. Gah həmkarlarının, gah hakimlərin üzərinə gedir. Danışır, deyinir, təhqir edir, sonra da yoxa çıxır.

Final fitindən sonra Abuksislə "söz atışması" "Neftçi"nin baş məşqçisinə yaraşmyan hərəkətdi. Ona hücum çəkməkdənsə, komandana hücum etməyi öyrət!

İki 45 dəqiqəyə bir düşünülmüş hücum təşkil eləməyən, qol vəziyyəti yaratmayan komandanın baş məşqçisi dilini ağzında farağat saxlamalı, başını yuxarı qaldırmamalı, utanıb xəcalət çəkməlidir.

Ceyhun Sultanov da onun kimi! İdman direktoru olaraq nəticədə günahını dəvə çəkmir artıq. Verdiyi gurultulu vədlərin heç birini tutmadı.

"Qəbələ"nin maddi dayaqları zəifləməsəydi, Dabonu, Monrozu, Stankoviçi əlində saxlayvacaqdı; onda "Neftçi" hansı klubun "artıq-urtuqlar"ını sıralarına qatacaqdı?

İlyarımdan çoxdu vəzifədədir, bu müddətdə Avropada gəzmədiyi, getmədiyi ölkə qoymayıb. Təyyarənin birindən enib, o birisinə minib. Təkcə yol xərcinə bir xurcun dollar ödənilib.

Hələ digər məsrəfləri demirəm. "Köhnə dünya"nı gəz-dolaş, sonra da gəl, "Qəbələ"nin "akvariumuna sığmayan balıqları" ilə müqavilə bağla - bu, Sultanovun bir menecer kimi öz-özünü ifşa etməsi deməkdir!

"Biz gəldik, bundan sonra hər yoldan keçən futbolçu ağ-qara formanı geyinməyəcək" demişdi? Demişdi. Bu ilyarımda kimlər gəldi, kimlər getdi "Neftçi"dən - xatırlayırsızmı, hörmətli Ceyhun bəy?

Antonların, petrovların "Neftçi"yə layiq olmadığını dərk etmək üçün sizə daha neçə "Bney Yehuda"ları görmək, uduzmaq kifayət edər?

Platellasın adi rəqiblərlə qarşılaşmalarda ayaq sürüməsini, lazımsız əşyatək ora-bura atılmasını dəqiqləşdirmək üçün sizə lupa verəkmi?

Soni Mustivarın "motor"unun çəkmədiyini diaqnostikadan keçirməyin, yetər ki, belələrinə atalıq qayğısı göstərməyəsiz.

Bizim məhəllə komandamız "Sperantsa"ya "əlcək atar". "Neftçi"nin moldovanlara vurduğu 9 qolun birinin də altında imzası olmayan Rauf Əliyevi meşəyə odun yarmağa aparın, Avroliqaya yox, cənab Sultanov!

Haqqınızda ağzına gələni danışan Dario Federikoya qapıları təkrar açmaqla yalnız özünüzə yox, bu tarixi kluba də sayğısız davrandız, əlahəzrət idman direktoru!

"Nefiçi"yə zərrə boyda hörmətiniz varsa, Bordinlə bərabər istefa ərizəsi yazmağı özünüzə dərd və ar bilməyin.

Xəzər Hikmət

Xəbər Lenti