APOEL-ə məğlub olan Premyer Liqa qalibi

14 Avqust 2019 11:52 Köşə 1 387
APOEL-ə məğlub olan Premyer Liqa qalibi

Hə, elədir, APOEL-ə məğlub olan “Qarbağ” Premyer Liqanın qalibidir. Amma İngiltərə Premyer Liqasının yox, AFFA Premyer Liqasının. Amma elə bu AFFA Premyer Liqasının qalibi sizin iddialarınızı o qədər böyütmüşdü ki, indi APOEL-ə məğlubiyyət təəccüblü gəlir. Niyə, balam? Kipr futbolunun üzüyünün qaşı yoxdur? Var, özü də daha qiymətli. Qiymətli olduğu üçün UEFA-nın reytinqində 15-ci pillədədirlər. Azərbaycan isə 26-cı.

Hə, “Azərbaycan futbolunun bütün problemlərini “Qarabağ” həll etməlidir” hikkənizi də başa düşürəm. Çünki bu problemləri yaradanların kimliyini belə bilmək həvəsində deyilsiniz. Bilib neynəyəcəksiniz ki, bir halda onun adını belə çəkə bilmirsinizsə?

Başınızı pəncərədən çölə çıxartsanız AFFA prezidenti Rövnəq Abdullayevin Azərbaycan futbolunun başına əkdiyi turpu görəcəksiniz. Turp o qədər böyüyüb ki, turpluqdan çıxıb, paza çevrilib.

Rövnəq müəllim oğlunu, o da əmisi oğlunu çağırıb. Bəsləyiblər. Bəslədikcə də, böyüyüb, kök atıb turp-paz. Bir pəncərədən çölə boylanın ey. Turpun-pazın böyüklüyünə baxın. Həvəsiniz varsa, yerinizdən qalxın, dost-tanışı, baba-nənəni, iti-pişiyi çağırın. Çağırın ki, yapışıb dartsınlar o turpu. Bəlkə çıxartmaq nəsibiniz oldu.


Yox, düşünürsünüzsə ki, siz elə evdə oturub çay hortuldatmalı, sosial şəbəkələrdə asıb-kəsməlisiniz, o turp-pazı da “Qarabağ” çıxartmalıdır, onda arxayın olun, turpu çıxartmaq mümkün olmayacaq. Daha da böyüyəcək, kök atacaq. Oğuldan, qardaşoğlundan sonra nəvə-nəticə də gələcək. Su, gübrə verəcəklər, bəsləyəcəklər o turpu.

Bilirəm, bilirəm ki, heç Azərbaycan Premyer Liqasının oyunlarına da baxmırsınız. Televizorda ancaq İngiltərə Premyer Liqasının qarşılaşmalarını izləyirsiniz. Elə ona görə də APOEL-ə məğlub olan komandanın İngiltərə Premyer Liqasının qalibi olduğunu zənn edirsiniz.

Hə, APOEL-ə Premyer Liqanın çempionu məğlub olub, amma AFFA Premyer Liqasının. Siz Allah, əlinizi klaviaturadan çəkin, çay hortuldatmağı da saxlayın, bir pəncərədən çölə boylanın, görün, görün o AFFA prezidenti futbolunuzun başında nə boyda turp əkib də... Görmək istəmirsiniz? Onda işinizdə olun, çay hortuldadın, klaviaturanı şaqqıldadın.

Natiq Muxtarlı

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"