“Neftçi”nin daşı yaman ağırdı

8 Avqust 2019 15:15 Köşə 991
“Neftçi”nin daşı yaman ağırdı

“Neftçi”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı “Arsenal”ın prezidenti Quram Adjoev açıqlama verib. Klub rəhbəri “Neftçi”ylə oyunları (1:0, 3:0) və məğlubiyyətin səbəbləri haqqında danışıb:

“Neftçi” ilə matçlardan əvvəl Avropa təcrübəsinin və komanda işinin olmaması bizi narahat edirdi. Keçən mövsümlə müqayisədə heyətin yarısı yenilənmişdi. Klubu tərk edən futbolçuların layiqli əvəzləyicisini hələ də tapmamışıq. Tuladakı matçı “Neftçi” qazanmadı, “Arsenal” uduzdu. İnamlı çıxış etmədik. Bakıdakı matçda isə rəqib oyundankənar vəziyyətdən qol vurdu, amma bunun üçün mübahisə etməyə dəyməz. Videotəkrar sistemi (VAR) yoxdu. Oyunun sonlarına yaxın hücumçuları meydana buraxaraq, daha böyük qüvvə ilə irəli atıldıq. Bu səbəbdən müdafiədə boşluq verdik və daha iki qol buraxdıq. Oyundan əvvəl UEFA nümayəndələri ilə “Neftçi” rəsmiləri sanki yaxın qohumlar kimi danışırdılar. Bilirsiniz, niyə? Çünki bu klub hər il avrokuboklarda iştirak edir və bu yarışlarda 60-dan çox oyun keçirib. Biz isə cəmi iki görüşə çıxmışıq”.

Belə danışanlar hələ çox olacaq. Bar verən ağaca daş atmaq köhnə dəbdir. Vaxtilə Azərbaycan SSRİ-nin tərkibində yer alıb və ruslar indi bu məğlubiyyətləri həzm edə bilmirlər, daşdan da səs çıxarmağa çalışırlar. «Neftçi»nin uğuruna kölgə salmaq niyyətini bu ölkənin futbol adamlarının açıqlamalarında da gördük. Əllərindən heç nə gəlmir, qatar gedib, onlar yenə depoda qalıb.

Roberto Bordinin qarşısına Avroliqada 1 mərhələ keçmək tapşırığı qoyulmuşdu. Daha doğrusu, italyan mütəxəssis bu vədin altına girmişdi. İkinci mərhələ haqda ümumiyyətlə, heç nə deməmişdi. Hər halda bizdə olan bilgi belədir. Mövcud vəziyyət iştah artırır. Gözləntilərin üstünə çıxmaq özəl bir hissdi. Onu yaşamaq lazımdır, tamı bir başqadı, dadmayan bilməz. «Neftçi» heç vaxt olmadığı qədər birlik ruhuna hakim kəsilib və bu, futbolçuların hər birinin simasında, oyununda əksini tapır. Mübarizə əzmi iki mərhələ adlamağın gətirdiyi xoşbəxtlik endorfininin məhsuludur və get-gedə bir qədər də yüksələcək. Şans yararlanmaq üçündür. «Bney Yehuda»nın «Arsenal»dan güclü olmadığı dəqiqdir. «Sperantsa»dan bir az yuxarıdadı, qaldırıb dağ başına qoymağa dəyməz.

Bordin komandanın ab-havasına bələd olub. Aydın görünür ki, italyan işindən bərk yapışıb və futbolçulara yanaşma tərzinə «əl gəzdirib». Sərəncamındakılar artıq onun barəsində bədbin danışmır, bütün anlaşılmazlıqları yaddan çıxarıblar. Qələbə belə şeydi: ardıcıl dörd uğurlu nəticə gələndə, umu-küsülər yığışılır, diqqət tabloya yönəlir. Bordinin tövrünü pozmaması, həmişəki kimi sakit görünməsi bir məşqçi kimi daha da irəli getmək istəyindən xəbər verir. Hər halda əldə olunan göstəricilər onun məşqçi SV-nə yazılır və mümkün deyil ki, daha artığını ürəyindən keçirməsin. «Bney Yehuda» haqda ehtiyatla söylədikləri bir yandan rəqibə hörmət bəslədiyini nümayiş etdirmək məqsədi daşıyırsa, digər tərəfdən futbolçularının konsentrasiyasını artırmaq niyyətinə xidmət edir. Belə məqamda «Arsenal»ın prezidentinin nə danışması ciddiyə alınmamalıdır. «Karvan keçər» məsəli yəni. «Arsenal» arxada qalmış, artıq gözdən itmiş körpüdü, ora qayıtmaq əlavə vaxt itkisidir. Aldıqları məğlubiyyətlər ruslara necə yer edibsə, «Neftçi» lap qruplara qalsa belə, yerlərində sakit oturmayacaqlar.

Xəzər Hikmət

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"