Rəşad Sadıqovun varsa…

7 Avqust 2019 20:14 Köşə 1 199
Rəşad Sadıqovun varsa…

«Qarabağ» bu mövsüm keçirdiyi beşinci oyununda ilk dəfə ümid verdi, böyük və inamlı göründü.

"Partizani" və "Dandolk"la əvvəlki qarşılaşmaların heç biri məni məmnun etməmişdi, düzünü söyləsəm.

Ayrı-ayrı futbolçularının fərdi ustalığı sayəsində qazanılan ev qələbələri Azərbaycan çempionunu üçüncü mərhələyə daşıdı. Nikosiyada isə bir başqa, görmək istədiyimiz «Qarabağ»ı izlədik.

«Qarabağ» sistemli oyunu ilə meydanda qalibiyyəti haqq etdi. Qurban Qurbanovun APOEL-i dəqiqliklə incələməsinin fərqinə oyunun gedişi zamanı vardıq.

«Diqqətli oynamalıyıq, səhvlərə yol verməməliyik» xəbərdarlığı ayrı-ayrı epizodlarda öz əksini tapdı.

APOEL pusquda dayanmış ovçu cildinə girmişdi, gəl ki, Qurbanov bundan vaxtında duyuq düşərək, açıq hücum futboluna getmədi.

Onun oynatdığı futbol «Qarabağ»ın ənənəsinə uyğun deyildi, amma baş məşqçi sərfəli nəticədən ötrü bu dəyişikliyə əl atdı.

Və bu yenilik Kipr komandasını təəccübləndirməklə yanaşı, məğlubiyyətini rəsmiləşdirdi.

Azərbaycan çempionu rəqibini meydanın mərkəzində uddu. İlk hissədə qol buraxmamaq «Qarabağ»ın bir nömrəli məqşədi idi.

Fasiləyədək bərabər səviyyəli oyun getdi və ikinci yarıda APOEL-in böyük qüvvəylə irəli atılması gözlənilməz olmadı.

Hesabın 2:0-a çatması bunun nəticəsi idi, amma daha bir qol vurulsaydı… Bu, olmalıydı və olacaqdı da.

Təəssüf ki, «Qarabağ» tez doydu və dayandı. Gücü artığına çatmadı da deyə bilərəm. Maqaye Qeye topa ilk toxunuşunda fərqləndi, lakin 5 dəqiqə sonra ayağını arxasınca sürüdü.

Qara Qarayev meydana çıxandan az keçmiş artıq yox idi, heç kölgəsi də görünmürdü, sadəcə, sürünürdü.

Son 5-10 dəqiqəni oynayanlar bu hala düşdüsə, digər futbolçuların necə yorulduğunu təsəvvür edin. APOEL kifayət qədər hərəkətli və texnikalı komandadı,

Musa Tamarinin özü bir qüvvədi. Hücum xətti funksional səviyyəsi yüksək futbolçulardan qurulub.

«Qarabağ» rəqibi yalnız əks həmlələr hesabına üstələyə bilərdi və Abdulla Zubirin timsalında icraçılar üzərlərinə düşəni etdi.

Fərqləndirmək istəməzdim, ancaq Rəşad Sadıqov sərgilədiyi oyunla ondan ayrıca söz salmağımıza layiqdi.

Kapitandan artıq yaşını xəbər almamalıyıq, halını soruşmalıyıq.

Bir müdafiəçisinin təcrübəli olması istənilən komandanın nəticə qazanması üçün azdı. Sadıqov liderliyini dildə deyil, kritik epizodlara müdaxiləsi ilə göstərdi.

Xəzər Hikmət

Xəbər Lenti