Zubirin benefisi, Qeyenin qollu siftəsi

7 Avqust 2019 16:24 Köşə 1 009
Zubirin benefisi, Qeyenin qollu siftəsi

“Qarabağ” dünən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununu keçirdi. Kiprdə APOEL-in qonağı olan ağdamlılar səfərdə 2:1 hesablı qələbə qazanaraq, avqustun 13-də Bakıda olacaq cavab görüşü öncəsi böyük üstünlük əldə etdilər. Qurban Qurbanovun komandası artıq “pley-off”a daha yaxındır. Çünki “köhlən atlar”ın hamıya, elə komandanın özünə də doğma olan Tofiq Bəhramov adına Respublika stadionunda bu üstünlüyü əldən verəcəyi elə də inandırıcı görünmür.

Əslində “Qarabağ” Kiprdən daha sərfəli nəticə ilə də qayıda bilərdi. Amma bir neçə qol epizodunda boşa verilən imkanlar və əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə buraxılan top rəqibi ümidləndirdi. APOEL-in gələn həftə paytaxtımıza daha inamlı gələcəyini indidən proqnozlaşdırmaq elə də çətin deyil. Ancaq bunun özü də “Qarabağ” üçün bir üstünlükdür. Kiprlilərə erkən qol lazım olduğundan, ilk dəqiqələrdən hücuma atılacaqlar. Nəticədə bizimkilər üçün meydanda boş zonalar çox olacaq. Açılan rəqibə qarşı oynamaq isə Ağdam təmsilçisinin ən yaxşı etdiyi şeylərdən biridir.

Cavab matçına 6 gün var. Hələliksə dünənki oyunla bağlı bir neçə məqamı qeyd edim. “Qarabağ”ın qapı xəttində ciddi problem olduğunu düşünmürəm. Vaqner Silva istər bu mərhələyə qədər olan oyunlarda, istərsə də APOEL-lə ilk görüşdə yaxşı təsir bağışladı. Dünənki qarşılaşmada da bir-iki epizodu çıxmaq şərtilə ümidləri doğrultdu. Yeganə çatışmazlığı cərimə meydançasına göndərilən toplar zamanı çıxışda inamsız oynamasıdır. Bu problemi aradan qaldıra bilsə, çərçivəni əminliklə ona əmanət etmək olar. Ancaq görünür, braziliyalı qolkiperin çıxışı Qurban Qurbanovu hələ tam qane etmir. Belə olmasaydı, əcnəbi qapıçı axtarışında olmazdılar.

Müdafiənin mərkəzində ciddi narahatçılıq yaşanmadı. Rəşad Sadıqovun təcrübəsi, Rahil Məmmədovun isə fəallığı və heç bir mübarizədən çəkinməməsi “Qarabağ”a bu mərhələni keçmək üçün kifayət edəcək. Əsas məsələ müdafiənin sol cinahı ilə bağlıdır. Donald Geryenin gedişindən sonra alınan Aylton Silva hücumda nə qədər məhsuldardısa, müdafiədə bir o qədər axsayır. Dünən APOEL-in təhlükəli hücumlarının əksəriyyətində braziliyalı cinah müdafiəçisinin “rol”u var idi. Çox top itirir. Bundan başqa, ikili mübarizələrdə tez uduzur. Məsələn, dünən rəqib komandanın yarımmüdafiəçisi Muhammed Al-Tamari bir neçə epizodda Ayltonu asanlıqla keçib, qapımız qarşısında təhlükəli epizodlar yaratdı. “Sambaçı” bu çatışmazlığı aradan qaldırmasa, “Qarabağ”a müdafiədə problem yaşada bilər.

“Qarabağ”ın dünənki oyunda ən güclü bölgəsi isə yarımmüdafiə xətti idi. Riçard Almeyda həmişəki kimi inanlı oynadı. Abdullah Zubir əsl tapıntıdır. Düzdü, bəzi epizodlarda topla həddindən artıq rəftar etməsi, zərbə anında başqa qərar qəbul etməsi hücumların kəsərini nisbətən azaltsa da, cinahdakı fəallığı, qarşısındakı rəqib(lər)i asanlıqla keçməsi “Qarabağ”a hələ çox kömək edəcək. İlk qolun vurulmasında yaxından iştirak edən və Mahirə məhsuldar ötürmə edən Xayme Romero bir daha “Qarabağ”a ehtiyatda oturmaq üçün gəlmədiyini göstərdi. Simeon Slevçevin getdikcə öz oyununu tapması da diqqət çəkən məqamlardandı. Dünənki görüşdə gördüyü iş elə nəzərə çarpmasa da, meydanda ən çox mübarizə aparanlardan biri idi.

Nəhayət, hücum xəttinin sivri ucunda əvvəlki matçlarda olduğu kimi yenə Mahir Emreli yer almışdı. Bəzi epizodlarda azarkeşlərin və tamaşaçıların əsəbləri ilə oynasa da, ümumi ansambldan geri qalmadı, hətta qol da vurdu. 68-ci dəqiqədə onun yerinə meydana daxil olan Maqaya Qeye cəmi bir dəqiqə sonra fərqlənsə də, hələ tam hazır olmadığı açıq-aşkar görünürdü. Artıq çəkisi olan Seneqal əsilli fransız forvard öz üzərində hələ çox işləməlidi.

Elnur SALAHOV

Xəbər Lenti