Bu qədər çətindirmi çıxıb getmək?...

4 Avqust 2019 17:24 Köşə 1 468
Bu qədər çətindirmi çıxıb getmək?...

Rəhmətlik kaman ustası Habil Əliyev bir dəfə demişdi ki, Elariz Məmmədoğlu toyda pulsuz oxusa, yenə bahadı.

İndi bizim Mahir Əmrəli Mədətov gözünədöndüyümün də işi lap buna bənzəyir.

Ay qardaş, atam balası, səni “Estremaduro”, nə bilim “Malaqa” istəyir? – Yığ şələ-şüləni, çıx get da.

“Gənclərbirliyi”nin saqqızını oğurlamısan? - Ver “hə”ni, get özünə karyera qur da, nə giriftar eləmisən bu milləti?

Cavan yaşda layiq olduğundan artığını qazanmısan, özünə qismət, halal xoşun. Bu ölkədə səndən çox şans görən, dəstək verilən ikinci bir futbolçu göstərəmməzsən mənə.

Az qala, Qurban Qurbanov özü çıxıb sənin yerinə oynasın. Nə istəyirsən, qaqa? Yaşın azdı, cavansan, 1 il pulu fikirləşmə, get özünə yüngülvari karyera qur, sonra dilin biraz uzun olsun da.

5-ci ildi “Qarabağ”dasan. Daim diqqət mərkəzindəsən, amma oyunundan çox başqa və şəxsi məsələlərlə.

Qardaşım, 22 yaşın var, ölkədə səndən çox danışılan ikinci bir futbolçu yoxdu. 2 90 dəqiqə ardıcıl stabil çıxış etməmisən, ancaq bütün media, sosial aləmin müzakirə mövzusu sənsən, bir də Vladimir Putin.

Artıq adın keçmiş komanda yoldaşın Yakub Jezniçakın boşadığı arvadı Edita Zayaçla da hallanmağa başlayıb. Deyirlər, “İnstaqram”da bir-birinizi “layk” atəşinə tutmusuz. Xeyirli olsun,

Maqa! Amma sənə təpədən-dırnağa hər vəchlə dəstək olan Qurban hocanın bu xəbərə isti yanaşması, yaxud reaksiya vermədiyi-verməyəcəyi ağlımın ucundan keçmir.

Gərçi, Qurban Qurbanov da insandı, səhv edə bilər. 24 saat səni izləyəsi, nəzarət edəsi deyil ki. Özünü toparla, qaqa!

Hələ gec deyil, sözün əsl mənasında futbolçu olmaq istəyirsənsə, xarici variantların birini seç, özündə təpər hiss eliyib karyeranı qur. “Qarabağ”ın da sənə görə hansısa klubdan fantastik məbləğ istəməyəcəyinə şübhə eləmirəm.

Bax Ramil Şeydayevə, peşəkarlığı qarşısına məqsəd qoyub, yavaş-yavaş, asta-asta, bala-bala artıra-artıra gedir,

Rusiya Premyer Liqasında oyundan-oyuna “özünü tapır”, ümidləri doğruldur. Belə davam etsə, 5-6 aydan sonra millinin də əvəzolunmaz üzvü olacaq.

Bəs sən?

“İnstaqram”da paylaşmaq üçün başına qoyub poz verdiyin “stilni panama”nı qabağına qoy, yaxşı-yaxşı fikirləş. Hələ gec deyil!

Elvin ƏHƏD

Xəbər Lenti