"Neftçi"nin bu "ilk" söhbəti

3 Avqust 2019 18:12 Köşə 837
"Neftçi"nin bu "ilk" söhbəti

İndi bir şey yazacam, "Neftçi"nin azarkeşləri deyəcək ki, uğurlarımızı gözün götürmür.

Amma gəldisə, gərək yazım e!

Fəxrlə deyirsiz ki, tarix yazdıq, Avrokuboklarda rus klubları ilə mübarizədə mərhələ adlayan ilk Azərbaycan klubu "Neftçi"di..

Yaxın oturun, sizə bir sirr açım.

Heç kimə deməyin, amma avrokuboklarda rus klubları ilə mübarizədə mərhələ adlaya bilməyən ilk və yeganə Azərbaycan klubu da "Neftçi"di. Bunun özü də bir tarixdi axı, ay "student qədeş"!

İndi nə edək ki, zalım püşk ruslarla klub səviyyəsində cəmi iki dəfə "pley-off" qarşılaşmalarımızın hər ikisində biz tərəfdən "Neftçi"ni seçib?

Düz 15 il bundan əvvəl CSKA-ya uduzub dayanan da "Neftçi"di axı.

Daha bunun harası ilk və tək oldu?

Bir dəfə veteran cüdoçuların yarışına baxırdım. 81 kq çəkidə 64 yaşlı bir cüdoçu heç bir görüş də keçirmədən çempion oldu. Çünki başqa rəqibi yox idi.

"Neftçi"nin bu "ilk" söhbəti də ona oxşadı bir az.

Hələ təkcə bu olsa, nə vardı ki?

Deyirsiz ki, ilk iki mərhələnin dörd oyununda uduzmadan keçən və tarix yazan ilk klub "Neftçi"di.

Bilirəm, xoşunuza gəlməyəcək, amma daha əvvəl Qurban Qurbanovun "Qarabağ"ı və Kaxaber Sxadadzeninin "İnter"i də bunu bacarmışdı.

Əziz "Neftçi"sevərlər, qələbə möhtəşəm idi, oyun əla idi, rusları yenmək hamısından gözəl idi, amma bu cür gözəlliklərdən həzz almaq əvəzinə niyə yalançı tarix uydurmaq hayındasız axı?

Bu günün dadını çıxarın, tarix özü hər şeyi yerli-yerində yazacaq, narahat olmayın.

Zaur Xudiyev

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!