Qurban Qurbanov razı olana oxşamır

2 Avqust 2019 18:00 Köşə 1 109
Qurban Qurbanov razı olana oxşamır

«Qarabağ» artıq Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindədi.

«Partizani»nin ardınca «Dundalk»ı da mübarizədən kənarlaşdırıldı.

Növbəti rəqib APOEL-di - biz onları 2012-ci ilin yayından yaxşı tanıyırıq. Həmin vaxt «Neftçi» Kiprin bu məşhur klubunu Avropa Liqasının pley-off mərhələsindən «safdışı» etmişdi.

O tarixdən etibarən APOEL-in içində bir qəzəb yığışıb qalıb və indi «Neftçi»dən əsər revanşı «Qarabağ»dan götürmək istəyindədilər.

Bütün hallarda iki gərgin 90 dəqiqənin Azərbaycan çempionunu gözlədiyi şübhəsizdi.

Tahir Gözəlin tarixin ən güclüsu adlandırdığı heyətə ÇL-nın qrup mərhələsinə bir addım da yaxınlaşmaqdan ötrü sözün bütün mənalarında meydanın hər qarışı uğrunda mübarizə kifayət etməyəcək.

Qurban Qurbanov komandanı mütləq surətdə gücləndirməlidi. O, bu işi gecikmədən görməlidi.

«Ya Allah!» deyib, yola çıxmaq gözəldi, amma Tanrı həm də buyurur ki, səndən hərəkət, məndən bərəkət.

«Partizani» Azəbaycan çempionatında 5-6-ci yerlər uğrunda qüvvəsini sınaya bilər. «Dundalk» isə ən yaxşı halda ikinci-üçüncü pilləyə iddia edəcək gücdədi.

Yəni ki, irlandlar hara fırlanır-fırlansın, «Qarabağ»a «diş»ini batıracaq səviyyədən uzaqdı. Belə rəqiblərlə oyunlarda «Qarabağ»ın çətinliklə üzləşməyəcəyini gözləyirdik, bu, olmadı.

Ağdam təmsilçisi istər Tirana, istər Dublin səfərində performansının kölgəsində qaldı, heç-heçəni güclə əldə etdi. Mərdəkanda üst-üstə vurulan 5 qolun istisinə qızınıb,

Qurbanovun komandasından istədiyini alması qənaətinə gəlmək olmaz. Mən şübhə etmirəm ki, Qurban bəy daxilən narahatdı və içindəki hissin tez bir zamanda onu tərk eləməsini arzulayır.

«Qarabağ» ideya komandasıdı, taktiki cəhətdən hazırlıqlıdı.Di gəl, variant azlığı, adətən, oyunu müdafiəyə qapanmaqla qurtarmağı qarşısına məqsəd qoyan rəqiblər önündə özünü qabarıq göstərir, əziyyət verir, ürək çəkir.

Hamıya həmişəki və xoşladığın «yeməy»i yedizdirə bilməzsən.

«Partizani»yə olar, «Dandolk»a olar, lap elə APOEL-ə olar, lakin hədəf bir qədər də uzağa getmək, belə deyim də, 2 il əvvəlki nəticəni təkrarlamaq, yəni, Çempionlar Liqasında qrupa qalmaqdısa, «karvan»a yeni adların qatılması qaçılmazdı, vacibdi.

ELNUR

Xəbər Lenti