Milli futbolçumuzun het-triki

27 İyul 2019 15:00 Köşə 842
Milli futbolçumuzun het-triki

“Malımız budur, yarısı sudur.

Alsan da budur, almasan da budur"

(Azərbaycan ata sözü)

Deyir Tunisin prezidenti 92 yaşında, vəzifə başında rəhmətə getmişdir. Bundan qabaqkı prezidentlərini 20 il vəzifədə qalandan sonra qovmuşdular, deməli, buna şükür eləmək lazımdır. Başqa bir müsəlman ölkəsi Sudanda hərbi çevriliş cəhdi olubdur. Açığı, orada təzə hərbi çevriliş olmuşdu, bu dəfə hərbçilər kimi çevirmək istəyiblər - bilmədim. Görünür, paytaxta başqa tabor irəliləmişdir. Türkmənistan prezidentinin ölüm xəbəri yayıldı, deyəsən, yalan çıxdı. Qardaş Türkiyə haqda da bənzər şayiə yayılmışdı.

Sözümü nəyə gətirirəm? Dünyada hansı dövlətin müsəlman, hansının xristian olmasını bu saat asanlıqla müəyyən eləmək mümkündür - siyasi xəbərlərə baxmaqla. Əgər siyasi xəbər seçkilərlə bağlıdırsa, demək, orfda kafirlər, xaçpərəstlər üstündür. Yox, rəhbərliyin ölümü, çevriliş xəbərləri gəlirsə, mütləq müsəlman dövlətindən söhbət gedir. Özünüz baxın, müqayisə üçün: hazırda Almaniya, Ukrayna, Britaniyada seçkilər, yeni baş nazirin qoyulması, koalisiya qurulması və sairə gündəmdir. Seçki cəhənnəmə, siz indiyə qədər hansısa müsəlman dövlətində koalisiya deyilən zadı görmüsünüz? Bəlkə hörmətli oxucular da bilmir, neyləsinlər, evdə bişməyib, qonşudan gəlməyib. Elədirsə azacıq izah edirəm: koalisiya seçkidə 50 faizdən az səs toplayan partiyaların bir neçəsinin birləşib hökumət qurmasıdır. Əlbəttə, necə ola bilər ki, kimsə, misal üçün, hakim partiya 50 faizdən az səs yığsın? Bizim bunu da dərk eləməyimiz olduqca çətindir. Çox fikirləşsən adam dəli olar.

O üzdən biz yaxşısı budur elə baş nazirin keçmiş müavini idarədən verilən maşını nə üçün qaraja qaytarmayıbdır, bunu müzakirə eləyək. Çünki əsl müsəlmandır. Hələ axtarsan kreslosu da evdən çıxacaq. Uzun müddət işlədiyi üçün kresloya onun bədənindən müəyyən köklər, rişələr uzanmışdı. İşdən çıxaranda həkim konsiliumu çağırıblar, məsləhət olub elə kreslo qarışıq pensiyaya çıxsın. İndi sarsaq jurnalist gəlib deyir intervü ver. Həkimdən icazə almısanmı? Bəlkə heç danışmağı olmaz? O cümlədən, nazir müavininin xidməti maşın, qaraj, katibə, portfel, cangüdən, müavin, şofer, itgəzdirən, çayqaynadan, aftafadaşıyan, şalvargeyindirən, zibildaşıyan və sairə ştat vahidləriylə birgəyaşayışının dövlət tərəfindən təmin olunması məqsədəuyğun sayılmışdır. Zarafat deyil, adam gör neçə il dövlətçiliyə xidmət edibdir... Bəlkə yüz il... Nə desələr eləyirdi. Ştanq qaldır deyirdilər - qaldırırdı, tender yandır deyirdilər - yandırırdı. “Pas” deyəndə əlindəki üç tuzu yerə qoyurdu, “fas” deyəndə... Nəsə, söhbəti çox uzatmayaq. Sözümün canı odur ki, əsas cansağlığıdır.

Bizim futbol milli komandasında bir yarımmüdafiəçi var, qaqaş 10 ildir futbol oynayır, hətta məhəllədə azyaşlılarla və PES kompüter futbol oyununda vurduğu qolları üst-üstə gələndə 23-dən çox eləmir (ərinməyib hamısını tapıb saymışam). İlə böləndə 3 qol eləmir. Ancaq hər 3 aydan bir mətbuat bu qaqaşın aldığı 300 min dollarlıq avtomobillərdən məqalə verir. O qabiliyyət və bacarıqla həmin maşınları necə alır, nə üçün ona o qədər pul verirlər - əsl mistikadır. Təbii, ariflər üçün ortada heç bir sirr yoxdur. Söhbət ondadır ki, bu qaqaş qol vura bilməsə də yaxşı süpürgəçi vura bilir. Hər il neçə nəfəri yolun qırağında “xosunvay” eləyir. Bunun vurduğu süpürgəçi və yol təmiri işçilərinin bir stadion boyda xüsusi qəbiristanlığı salınıbdır. Bəzən bir trasda 3 süpürgəçi vurur, necə deyərlər, xet-trik eləyir. Komandanın sponsoru, baş məşqçisi-filan da bunu bildiyi üçün qaqaşa hər dəfə daha təzə, daha sürətli maşın alıb verməyə çalışırlar.

Bir nəfər eks-prezident də var, Xocalının işğalına müsbət şərait yaratdığı üçün hazırda ona 7500 (yeddi min beş yüz) manat pensiya veririk. Təxminən şəhər əhalisinin adambaşına 1 manat düşür.

Zamin Hacı

Xəbər Lenti