Qurban Qurbanovu qaraqara izləyən SUALLAR TOPLUSU

26 İyul 2019 19:48 Köşə 1 253
Qurban Qurbanovu qaraqara izləyən SUALLAR TOPLUSU

«Qarabağ» tədricən sürət yığmağa öyrəşən komandadı.

Son illəri bir qayda olaraq bu şəkildə keçirirlər.

«Yola verirlər» demək düzgün çıxmaz, çünki fikirləri ötən müddət ərzində Qurban Qurbanovu yanıltmayıb, komandası Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Yenə də istəyimiz və gözləntimiz «Qarabağ»n artan templə yoluna davam etməsi, məqsədinə çatmasıdı.

Doğrusu, komanda hələlik məndə o inamı və təəssüratı yaratmır, üfüqdə çox zərif bir işıq görürəm.

«Qarabağ» artıq ÇL-da 3 oyun keçirib, birində də futboluyla göz oxşamayıb. «Partizani»ni mübarizədən kənarlaşdırmaq üçün gedib o dünyanı görüb gəldilər.

Tiranada qolsuz heç-heçəni meydanın bostanabənzərliyi ilə əlaqələndirdik, mərdəkanda isə bəxt Qurban Qurbanovun üzünə güldü.

Albanlar hesab 1:0 olarkən, qapıçıyla təkbətək epizodu dəyərləndirsəydi, İrlandiyaya yollanmaq planları böyük ölçüdə suya düşəcəkdi.

Dediyim odu ki, hücum və müdafiə xəttinə etibar edilməməlidi.

«Partizani»yə vurulan qolların hər ikisi yarımmüdafiəçidi və mən bunu onadək dəfələrlə qeyd etmişəm ki, baş məşqçi Mahir Əmrəliyə sarılmaqla öz işini xeyli çətinləşdirir, oturduğu ağacın budaqlarını kəsir.

O, bununla yalnız işinə ziyan etmir, bu gün «Qarabağ» haqda ehtiyatla danışmağımıza səbəb verir.

«Dundalk» «Partizani»dən bir o qədər üstün rəqib deyildi. Düzdü, oyun anlayışı baxımından iki fəqli qütbün təmsilçiləridi, lakin ümumi götürəndə, İrlandiya çempionu «Qarabağ»a daha ciddi təhlükə vəd edir.

Bunu Dublin səfərində əyani gördük. Ev sahiblərinin fiziki cəhətdən daha hazırlıqlı olması yekunda özünü tabloda göstərməliydi.

Son 15-20 dəqiqədə ayaqları yer aldı, enli meydanı «Qarabağ»ın başına dar etdilər.

Ard-arda bir neçə qol epizodu yaratmaları çempionumuzun birinci zonasının zəif təsir bağışlamasından daha çox, gələcək mənasında bədbin siqnal oldu.

Bu, «Dundalk»dı, nə Avropanın sayılan komandalarındandı, nə də ortabab. «Dundalk»ı İrlandiyanın sərhədləri daxilində də tanıyan azdı.

Adlar içində adı olmayan bir rəqibin futbolçuları hakimin final fitindən sonra qələbəni qaçırmalarının təəssüfünü əlləriylə başlarını tutaraq yaşayırsa, «Qarabağ»ın zamanla nə qədər geri getməsini təsəvvür edin.

Adalılarda bu inamı, bu istəyi «Qarabağ» yaratdı. Erkən qolun gətirdiyi arxayınlıq hissini paltardəyişmə otağından ikinci hissəyə daşımaqla. 1:0-a razı olduğunu gizlətmək üçün demək olar heç nə etmədilər.

Yatıb qaldılar, heç cür oyanmaq istəmədilər. «Dundalk»ın pressinq və aqressiv futbolundan söz edilir. Burda qəribə nə var ki?

Bir britan ənənəli klubdan danışırıqsa, onu başqa cür xarakterizə etmək və başqa nəsə gözləmək, sadəcə, axmaqlıqdı! Qurbanov, əlbəttə, rəqibi elə bu cür bilirdi, lakin bir-iki nüansı nəzərdən qaçırdığını güman edirəm:

Aylton və Rahil Məmmədovun yer aldığı arxa xətti «canlı bomba»dı. Bu ikili eyni vaxtda meydandadısa, üzücü nəticə adına hər şey ola bilər.

Aylton bir müddətdi düşərgədədi, di gəl, hələ «Qarabağ»ın havası ciyərlərinə hopmayıb. Braziliyalı müdafiəçinin ağlı, deyəsən, Vəli Qasımovun vaxtındakı «Neftçi»də qalıb.

Birinci hissə bitən kimi komanda yoldaşıyla mübahisə etməsini, Rəşad Sadıqovun aranı sakitləşdirmək üçün Ayltonu söhbət edə-edə paltardəyişmə otağına tərəf aparmasını diqqətdən qaçırmamalıyıq.

«Qarabağ»da belə bir hadisə sonuncu dəfə nə vaxt olmuşdu, xatırlayırsızmı?

Bir sözlə, yeni futbolçuların öz «aləm»ində olması, «su girdi qaba, oldu içməli» prinsipinə uymaması Qurban Qurbanovun oyun fəlsəfəsini onlara yeritməklə yanaşı, intizam sarıdan da hələ bir xeyli iş görməsi gərəkdiyini gözlər önünə sərdi.

ELNUR

Xəbər Lenti