"Bizimkilər niyə xaricdə oynaya bilmirlər" sualının KONKRET CAVABİ

13 İyul 2019 11:48 Köşə 1 238
"Bizimkilər niyə xaricdə oynaya bilmirlər" sualının KONKRET CAVABİ

Futbol azarkeşlərinin və idman jurnalistlərinin tez-tez verdikləri bir sual var:– Bizimkilər niyə xaricdə oynaya bilmirlər?

Gedənlər də 6-7 ay keçməmiş qayıdırlar Bakıya tərəf.

Təbii ki, burda qeyri-peşəkarlıq və özünü əziyyətə verməmək kimi faktorlar ön planda gəlsə də , başqa səbəblər də olmamış deyil.

Milli komandamızın qapıçısı Kamran Ağayev Portuqaliyanın “Boavişta” klubunda işlərinin yaxşı gedən vaxtında açıqlama verdi ki, “atam üçün darıxıram”.

Bir avropalı 33 yaşlı adamın , həm də peşəkar futbolçunun atası üçün darıxdığını eşitsə, yəqin ki, mədəni şok yaşayardı.

Amma axır vaxtlardakı müşahidələrim və Budapeştə son səfərimdən sonra əmin oldum ki, adaptasiya bizim millətin qanındadır.

Yəni söhbət heç də Kamranlıq və ya vaxtilə MDB məkanının ən istedadlı futbolçusu olmuş Vidadi Rzayevlik deyil.

Vidoşa sual verəndə ki, “niyə qalıb xaricdə oynamadın” təxminən belə cavab almışdıq: “Mən ovdan, ov itimdən, tüfəngimdən ötrü darıxıram, orda qalammaram”.

Budapeştdə universitetlərin birinin məzun gecəsində yenə də azərbaycanlılar eyni masa arxasına toplaşaraq, Avropaya inteqrasiya oluna bilmirdilər.

Təbii ki, tək-tük istisnalar var. Amma bu kifayətdirmi? Məzun gecəsi yadıma Yusif Vəzir Çəmənzəminlinin “Studenti” əsərini saldı.

Ötən əsrin əvvəllərində Kiyevdəki azərbaycanlı tələbələr adətən samovar süfrəsi ərafında evlərdən birinə yığışar, kimi sağı müdafiə edər, kimi solu və beləcə bu mübahisələr səhərə kimi davam edərdi.

Üstündən 100 ildən çox vaxt keçib – məncə, çox şey dəyişməyib. Macarıstanın azərbaycanlı uşaqlarını da sanki daha çox Azərbaycan, Bakı, İmamoğlu – Binəli söhbətləri maraqlandırır.

Biz bir yerə düşdüksə, nəyimizə lazımdır Orban ya “Ferentsvaroş”?

Yəqin ki, əksəriyyətinizin sosial şəbəkələrdə xaricdə yaşayan dostları var. Yerli mühitə, ordakı həyat tərzinə alışanlar barmaqla sayılacaq qədər azdır.

Guya mən xaricdə qalsaydım, öyrəşə biləcəkdim? Ay- hay! Avropada bir bakal pivəni içəndə belə yanında “zakuska” axtarırıqsa, darıxacağıq.

Belə yerdə Rusiyada Vətəndaş müharibəsindən sonra Avropaya köçən mühacirlərlə bağlı ədəbiyyat və ya filmlər adamın gözünün qabağına gəlir.

Yalnız rus restoranlarına getmək, yeyib-içib oxumaq ,axırda da – “russkaya duşa, oni nas ne poymut” demək. Aşağı-yuxarı biz də Avropada beləyik.

Rusiyadayıqsa Azərbaycan, Avropadayıqsa Türk restoranı axtararıq. Real həyatda Almaniya, Macarıstan, Çexiyada yaşayırıq, amma sosial şəbəkələrdə yenə də Bakıdayıq .

Kimisi “Torqovı”da, kimisi Əhmədlidə. BBC News Azərbaycanca-da Vüsal Həmzeyevin “Sənin orda nə işin var” verlişində DJ Aynur Talıbovanın dediyi kimi : -Biz heç vaxt dönüb amerikalı olmayacağıq.

P.S. Əhməd bəy Ağaoğlu Peterburqa oxumağa gedəndə bütün kənd yığışıb bunu yola salırmış. Ailədə də anası daha çox oğlunun xaricdə oxumasının tərəfdarı imiş.

Əhməd bəy yazır ki, anam çadrası ilə məni örtüb döşünü çıxardıb ağzıma verdi ki, and iç südümə ki, gavur qızı ilə evlənməyəcəksən.

Elnur Məmmədli

Xəbər Lenti