Elxan Məmmədov Rövnəq Abdullayevi necə qoruyur?

9 İyul 2019 14:00 Köşə 1 160
Elxan Məmmədov Rövnəq Abdullayevi necə qoruyur?

Azərbaycan futbolunda durum olduqca acınacaqlıdır.

Sözsüz, belə durum tənqidlərə də yol açır.

Xüsusən də yığma komandanın uğursuzluğu AFFA-nı kəskin tənqidlə üz-üzə qoyur.

İstər mətbuatda, istərsə də sosial şəbəkələrdə AFFA-nın fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi qabardılır. Amma tənqidin əsas hədəfi AFFA prezidenti Rövnəq Abdullayev yox, qurumun baş katibi Elxan Məmmədovdur.

Mətbuatla məsələ aydındır, AFFA prezidentinin adamları mətbuatın ağzını “şirin” etdikləri üçün tənqid baş katibə tərəf yönləndirilir. Sosial şəbəkə istifadəçiləri də məhz mətbuatın “tələ”sinə düşərək Elxan Məmmədovu “qaralayırlar”.

Rövnəq Abdullayev futbolu bilməsə də, intriqanı yaxşı bacarır. Ona da məhz bu lazımdır. Yəni Elxan Məmmədovun tənqid olunması. Əslində AFFA prezidenti istəsə, Elxan Məmmədovu asanlıqla vəzifəsindən uzaqlaşdırar.

Məmmədov baş katib postunda müqavilə ilə çalışır. Müqaviləni uzatmırsan və hər şey bitir. Əlahiddə səlahiyyətlərə sahib olan Abdullayev üçün bunu etmək o qədər də çətin deyil. Çətini Elxan Məmmədovdan sonrakı dönəmdir.

Tutaq ki, Rövnəq Abdullayev Elxan Məmmədovu baş katib postundan uzaqlaşdırdı. Sonra nə olacaq?

Azərbaycanda futbol olacaq, yığma komanda qələbələri sıralayacaq? Yox, durum dəyişməyəcək. Dəyişməyəcəksə, kimsə tənqid olunmalıdır axı.

Kim? Elxan Məmmədov yoxdursa, tənqidlər AFFA prezidentinə tərəf yönələcək. Lap mətbuatın ağzını yummaq mümkün olsa da, sosial medianın qarşısını almaq olmayacaq axı.

Bax, Elxan Məmmədovun baş katib postunda saxlanılmasının əsas sirri budur. Azərbaycan futbolunun bəlası Məmmədov yox, Abdullayevdir. Amma indi əsas bəla kimi Məmmədov göstərilir, deməli, Abdullayev qoruna bilir.

Söz yox, bıçaq sümüyə dirənəndə, Məmmədov qurban veriləcək. Amma ona qədər yəqin ki, yeni bir Məmmədovun tapılması üçün plan qurulacaq.

Belə-belə işlər dostlar, Elxan Məmmədovun tənqid olunması qəhrəmanlıq deyil. Məmmədovu tənqid etməklə Abdullayevi qoruyuruq. Azərbaycan futbolunun əsas bəlasını.

Natiq Muxtarlı

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer