Atanın oğula, oğulun da əmioğluna bağışladığı “oyuncaq” “Səabil” Avropa “səyahəti”nı hazırlaşır.
Ancaq deyəsən, işlər yaman fırıqdır.
Bunu, “oyuncağı”ın baş məşqçisi Aftandil Hacıyevin “Futbol+”ə verdiyi müsahibədən sezmişəm. Məsələ burasındadır ki, “Səbail” təlim-məşq toplanışı zamanı keçirdiyi qarşılaşmalarda nəinki qələbə qazanıb, heç qol da vura bilməyib.
Aftandil Hacıyev isə deyir ki, hətta 0:4 hesabı ilə məğlub olduqları qarşılaşmada 5:4 hesabı ilə qalib də gələ bilərmişlər. Amma gələ bilməyiblər.
Nöşün? Klubdaxili araşdırmalar nəticəsində məlum olub ki, “Səbail”in avtobusunun qarşısından qara pişik keçib. Üstəlik, Bakıdan Bolqarıstana yola düşərkən, “Keşlə”nin rəhbəri Zaur Axundov tək səbir gətirib.
Bütün bu bəlaların məhz “Səabil”in başına gəlməsi, klubun qeyri-rəsmi rəhbərini də pəjmürdə edib.
Adam hücumçu almaq üçün büdcə ayırmayıb. Deyib ki, komandaya “Neftçi”dən Mirabdulla Abbasovu transfer etmişik. Seyidin üstünə daha bir hücumçu ala bilmərik, yoxsa cəddi “Səbail”ə qənim olar. Aftandil Hacıyev də qalıb çar-naçar.
Hiss olunur ki, Hacıyev “Universitatya”dan möhkəm çəkinir. Deyib ki, onların adlı-sanlı legionerləri var. Ancaq ha əlləşdimsə, o adlı-sanlı legionerlərin birini də tanıya bilmədim.
Amma “Səbail”dəki adlı-sanlı legioneri – Maykl Esyeni yaxşı tanıyıram axı. Karyerasını çoxdan bitirsə də, “Səabil”də çıxış edir.
Başa düşmürəm, “Universitatya”nın heyətindəki legionerlər Esyendən daha adlı-sanlıdırlar ki, Hacıyev belə qorxuya düşüb?
Yox, sadəcə, onlar karyeralarını bitirməyiblər, yəni hələ futbol oynamağı bacarırlar.
Hə, Esyenin ad-sanı ilə “Universitatya”nın baş məşqçisini qorxutmaq olmaz. Ümid qalır, klubun qeyri-rəsmi rəhbərinin pirə verdiyi nəzirə.
Deyilənlərə görə, adam “Səbail”in avtobusunun qarşısına qara pişik çıxmasından, Zaur Axundovun da tək səbir gətirməsindən sonra üz tutub “qaloş piri”nə.
Az gedib, üz gedib, dərə-təpə düz gedib, gəlib çıxıb Şimali Kipr Türk Cümhuriyyətinə. Girib “pir” bildiyi kazinoya. Nə az, nə də çox, 500 min dollar “nəzir” qoyub orda.
Əlini də qaldırıb göyə dua edib: “Allah, rumınların ayaqlarını bağla, qapımıza qol vura bilməsinlər”.
Duası müstəcəb olar, inşallah.
Natiq Muxtarlı

