Azərbaycan klubları üçün yeni avrokuboklar mövsümü gələn ay başlayacaq.
İyulun 10-da «Qarabağ» Çempionlar Liqasında, «Neftçi» və «Səbail» Avropa Liqasında ilk oyununa çıxacaq.
Bu mənada diqqət Avropa kubokları uğrunda mübarizə aparanlara yönəlir. Bu klublarda istisnasız yeniliklərə ciddi ehtiyac var.
«Qarabağ» növbəti dəfə heyətinə bir daha nəzərə salaraq, oyun üslubunda da modernləşdirmə baradə düşünməlidi.
Ötənilki uğursuzluqların əsas səbəbi Ağdam təmsilçisinin köklü dəyişikliklərə hazır olmaması və ya monoton strategiya ilə bu yola başlaması idi. Bu dəfə həmin səhvlərdən nəticə çıxarmaq olar.
İndi kollektiv 3 futbolçudan ayrılmaqla yola çıxıb. Sonrasını isə qərarlardan asılı olaraq qiymətləndirə bilərik.
«Neftçi»də yenə şayiələr ayaq açıb yeriyir. Kollektiv 7 futbolçu ilə yollarını ayırdığını elan edib (Ruslan Abışov, Məhəmməd Mirzəbəyov (hər ikisi "Sabah"), Mirabdulla Abbasov, Fəhmin Muradbəyli (hər ikisi "Səbail": icarəyə), Qoran Paratski, Petru Raku, Canluka Sansone).
Amma istənilən halda məşqçi korpusunun ötənilki səhvləri təkrarlamaması üçün vaxt daralıb, narahatlıq isə qalır.
İndi ciddi qərarlar sabit heyətlə yanaşı, komandanın simasını müəyyən edən dəst-xətlə bağlı verilməlidi.
«Neftçi» ötən yay Roberto Bordinin taktiki səhvləri üzündən «Budapeşt faciəsi» yaşadı. Onda italiyalı baş məşqçi yeni gəlmişdi və «Uypeşt»ə 0:4 hesablı səfər məğlubiyyəti bununla izah olunmuşdu.
Ki, iş başına təzə keçib, futbolçuları tanımır, etdiyi transferlərin komandaya uyğun olub-olmamasını aydınlaşdırmağa vaxt tapmayıb.
Artıq arada 1 il ötüb, Bordin nəinkini «Neftçi»ni, Azərbaycan futbolunu əlinin içi kimi bilir, üstəlik, Rauf Əliyev, Vojislav Stankoviç, Stiven Jozef-Monroz və Dario Frederiko «kəsilmiş qarpız»dı.
Son gələnlərin hamısı Premyer Liqaya çox yaxından tanış simalardı. İtalyan çalışdırıcı “Sperantsa”nı Moldovadan gözəl tanıyır və bu heyətlə mərhələni birayaqlı keçməyə borcludu.
«Səbail» hamıdan çox dəyişməlidi, həm də başdan-ayağa. Çünki Avropaya ayaq açan kollektivdə ciddi islahatlara ehtiyac var.
Məşqçi korpusu qəti qərarları, ilk öncə, oyunçu seçimi ənənəsindən əl çəkməklə verməlidi.
Ciddi transferlər baxış-axtarış prinsipi ilə aparılmamalıdı. Klubun menecmenti qurulmaalıdı. Bu mənada axsama ciddidi. Skaut sistemi də bundan sonra düzələ bilər.
MUSA

