Ruslar ağıllandılar, bəs AFFA-dakılar?

27 İyun 2019 13:24 Köşə 1 300
Ruslar ağıllandılar, bəs AFFA-dakılar?

Rusiya futbolunda legioner limiti dəyişdirilib.

2020/2021 mövsümündən klublar iştirak ərizəsinə 8 legionerin adını daxil edə biləcəklər.

Amma onların hamısının eyni vaxtda meydana çıxmaq hüquqları da olacaq.

Buna qədər Rusiyada legioner limiti 6+5 idi. Rusiyada özünə hörmət edən peşəkar mütəxəssislər var. Onlar azərbaycanlı məşqçilər kimi yaltaq-yultaq deyillər, federasiyanın çaldığı havaya oynamırlar. Bu mütəxəssislər bir neçə il idi ki, limitin dəyişdirilməsini tələb edirdilər. Deyirdilər ki, limit rəqabəti pozur, rusiyalı futbolçuların qiymətinin həddindən artıq şişməsinə şərait yaradır. Üstəlik, rusiyalı futbolçuların Avropaya getməsinə də mane olur.

Eynən bizdəki kimidir, eləmi? Amma bizdə hansısa mütəxəssis bu problemi görsə də, dilə gətirə bilmir. Qorxur ki, AFFA-nın “çest”inə dəyər. Problemi deyən elə jurnalistlərdir ki, onların da dedikləri AFFA-dakıların başına batmır. Çünki bu başlar başqa düşüncədədirlər.

Rusiyada limitin dəyişdirilməsinə baxmayaraq, bəzi mütəxəssislər yenə də narazıdırlar. Məsələn, “Zenit”in baş məşqçisi Sergey Semak hesab edir ki, limit 10+15 həddində olmalı idi. Semak limit tətbiqinin yerli futbolçuların qiymətinin süni artmasında, Avropaya getmək istəməməsində, sağlam rəqabətin pozulmasında əsas mane kimi görür.

Nədənsə, belə güman edirəm ki, rusların limiti dəyişdirməsindən sonra AFFA-dakılar da dingildəyəcək. Nöşün ki, AFFA-nın İcraiyyə Komitəsində təmsil olunanların əksəriyyəti rusdillidir. Onlar rusca düşünür, rusca danışırlar, rusları da özlərinə “böyük qardaş” hesab edirlər. İndi bu “küçük arkadaşlar”lar (onların acığına türklər kimi yazıram) rusların qərarından gərəkdir ki, nəticə çıxartsınlar. Çünki onlar hesab edirlər ki, böyük qardaşlar”ı onlardan ağıllıdır və onların atdıqları addımları təkrarlamalıdırlar.

Neynək, nə deyirik ki, təkrarlasınlar.

Ey, AFFA-dakılar, Rusiya futboluna rəhbərlik edənlər, ağıllandılar, siz ağıllanmaq istəmirsiniz? Vallah, billah, bizim sözümüzə qulaq asmayın ey, dilində danışdığınız “qardaş”larınızın atdıqları addımlardan nəticə çıxardın.

Nəticə çıxartmasanız, ruslar elə bilərlər ki, “tupoy”sunuz. Özünüz haqda belə təəssürat formalaşdırmayın, siz də limiti dəyişin.

Lap elə rusların qəbul etdiyi qərarı təkrarlayın. Bizim acığımıza edin, amma dəyişin. Dəyişin ki, biz də “rusların ardınca AFFA-dakılar da ağıllandı” yaza bilək.

Natiq Muxtarlı

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer