Sayılmaq və qəbul edilmək

27 İyun 2019 10:48 Köşə 815
Sayılmaq və qəbul edilmək

UEFA İcraiyyə Komitəsinin üzvü Maykl van Praaq Bakıda keçirilən Avropa Liqasının finalı ilə bağlı tvitter səhifəsində etdiyi paylaşıma görə tənqid olunub.

Oyun günü paytaxtımızda olan hollandiyalı funksioner görüşdən öncə stadiondan çəkdiyi şəkli paylaşaraq "Təsirli" başlığını qoymuşdu.

Həmin fotoda tribunalarda boş yerlərin olması hollandiyalılar tərəfindən müsbət qarşılanmamış və onlar van Praaqı "ikiüzlü" deyə çağırmışdılar.

Qitə futbol qurumunun sabiq vitse-prezidenti isə yerli mətbuata açıqlamasında həm bu ittihamları cavablandırıb, həm də paylaşımına aydınlıq gətirib.

O, şəkli oyundan əvvəl çəkdiyini vurğulayıb: "Tvitin vaxtına baxın, saat 19:41-i göstərir. Yəni matçın startından saat yarım əvvəl. Əlbəttə ki, həmin vaxt stadion hələ boş olacaqdı".

72 yaşlı futbol adamı fikrini dəyişmədiyini və stadionla bağlı müsbət düşüncədə olduğunu deyib:

"Mən bu sözləri bir daha təkrar edirəm. Çünki UEFA-da stadion və təhlükəsizlik komitəsinin üzvüyəm.

Stadionlar barədə tənqidi fikir səsləndirə bilərəm. Xüsusən də boş olduqda. Bakı stadionu isə finalda çox təsirli idi.

Azərbaycanda da insanlar yaşayır. Onlar da futbolu sevirlər. Azərbaycan UEFA-ya üzv olan ölkədi və Hollandiya kimi, onlar da bir çox hüquqa malikdilər.

Finalları təşkil etmək təkcə Qərbi Avropanın və ya İngiltərə, İspaniya və Almaniyanın haqqı deyil".

Bostanımıza atılan və effektsiz qalan ən son «daşlar» üçün elə Çempionlar Liqasının final oyunu ərəfsində İspaniya paytaxtında baş verənləri göstərmək olar.

Bakı elə həmin inkişaf etmiş futbol məkanı olan Madridlə müqayisədə daha təhlükəsiz, qonaqpərvər və sərfəli şəhər olduğunu sübut etdi.

Avtobus əhvalatı, ikiulduzlu oteldə nömrənin bir sutkalığa 750 avroya verilməsi və s. bir çox kiçik nümunələrdən çox danışmaq da olar.

Tribunaların arenadan uzaqda yerləşməsi barədə məşhur futbolçu Hari Linekerin boşboğazlığı isə buna qədər «olimpiya» statuslu arenalarda keçirilən final matçları barədə ümumi fikir kimi səslənsəydi, bəlkə obyektiv qarşılanardı.

Ən əsası, matçın obyektiv qiymətini UEFA prezidenti Aleksander Çeferin özü verdi: «Təşkilatçılıq ideal idi».

Bir sözlə, bütün bu şou-xarakterli qısamüddətli «sarımtıl» iddialar fonunda belə, Azərbaycan özünü və sözünü əməli ilə təsdiq edir və Avropa Liqası da bu sübutlardan biri kimi tarixdə yerini tutdu.

Bu mənada hələ böyük uğurlar qarşıdadı. Çunki elə gələn il Avropa çempionatının final mərhələsinin qrupunda 3 və pley-off mərhələlərində isə bir oyunu qəbul edəcək şəhərlər sırasında Bakının da adı var.

Heç şübhəsiz, paytaxtımızın qitənin 12 şəhəri siyahısında yer alması ölkə rəhbərliyinin yürütdüyü məqsədyönlü və uğurlu siyasətin təzahürüdü.

Dövlətimiz yüksək təşkilatçılıq bacarığı, diqqəti və dəstəyi ilə beynəlxalq futbol qurumlarının Azərbaycanla bağlı baxışlarında müsbətə doğru ciddi dəyişikliyə nail olub. Artıq sayılır və qəbul görürük.

ELNUR

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer