Futbol sektorunun “injeneri”

25 İyun 2019 15:48 Köşə 844
Futbol sektorunun “injeneri”

Uzun illər öncəydi, bir simsar adamla, onun avtomobilində rayondan rayona yol gedirdik.

Məndən 3-4 yaş böyük olan qohumum usta sürücü olsa da, maşını pis sürürdü.

Gah təhlükəli ötmə əməliyyatı edirdi, gah öndəki maşınla ara məsafəsi saxlamırdı, gah da sürət həddini aşırdı.

Axırda dözmədim, irad tutdum, dedim, maşını yaxşı sür. Adam dönüb üzümə çəpəki baxdı, dedi, belə yaxşı sürənsənsə, gəl, otur, özün sür.

Dedim, mən nə maşın sürə bilirəm, nə də sürücülük vəsiqəm var. O da dedi ki, elədirsə, dinc-dinməz otur yerində.

Yerimdə dinc-dinməz oturmadım, dedim, mən maşın sürə bilmirəm, sən sürə bilirsən, amma bu, o demək deyil ki, hər dəfə “KamAZ”ın altına girməkdən son anda qurtulmalıyıq. O da geri çəkilmədi, dedi: “Qorxursan?”

Elə bilirdi, “nədən qorxacam” deyəcəm. Amma mən bu kimi situasiyalarda həmişə dediyim sözü sözü dedim: “Hə”. Daha dinmədi. Çünki özü də qorxmuşdu.

Deputat Ağacan Əbiyevin növbəti dəfə uduzmuş milli futbolçularımızı tənqid edən azarkeşlərə dair dediyi sözləri (“Belə bacarıqlıdırlar, gəlib özləri oynasınlar, ya da gedib öz işləri ilə məşğul olsunlar”) oxuyanda yadıma o hadisə düşdü.

İndi təsəvvür edin: klinikada tibbi əməliyyat gedir, xəstə yaxınları həyəcanla gözləyir, vaxt uzanır. Xəstənin oğlu dözmür, maraqlanır ki, əməliyyat niyə gecikir, indiyə bitməliydi axı. Tibbi personal onun üstünə çımxırır ki, belə bilirsən, get, özün əməliyyat elə.

Yaxud bir müəllimə övladının təhsili ilə bağlı söz deyirsən, hirslənir, deyir, belə hazırlıqlısan, get, uşağını özün hazırlaşdır.

Belə situasiyalara çox yerdə düşmək olar. Amma təyyarə pilotu heç vaxt adama deməz ki, gəl otur, təyyarəni sən sür.

Heç deputatlara da nə qədər irad bildirsən, deməzlər, gəl, özün deputat ol, qanunları sən qəbul elə. Deməzlər.

Uzağı deyərlər ki, belə bacarıqlısan, növbəti seçkilərdə namizədliyini ver, seçil, mandat al. Amma sonra yenə öz namizədliklərini verərlər, həmişəki kimi özləri seçilərlər.

Futbolçuların yerinə isə biz oynamalıyıq. Nə var, nə var, “bu qədər uduzmaq olmaz” demişik, “uduzursunizsa, heç olmasa, biabırçı hesabla uduzmayın” söyləmişik.

Əslində “gəlin özünüz oynayın” məsələsi də havayı söhbətdir. Ağzıyla quş tutan oyunçu olsun, qolundan tutanı, qabağa çəkəni yoxsa, aşağı liqa komandalarının birinin əvəzedici heyətində oynayacaq.

Görə-görə gəlirik. O qədər istedadlı, amma kasıb oğlanın başından basıb, irəli getməyə qoymayıblar ki. Hər sahədə. Yenə sırtıq olanlar birtəhər özlərinə yol tapır, bir tərəfə çıxırlar, üzündə bir az abır-həyası olan gənc isə anındaca sınır, varıb gedir kasıbçılığının ardınca.

Beləcə, meydan qalır Ağacan Əbiyev kimi futbolu, ümumiyyətlə, hər şeyi bilən “injener”lərə.

Hərçənd atalar duruma uyğun belə bir gözəl kəlam da deyib: “Çörəyi ver çörəkçiyə, birini də üstəlik”. Yəni hər işin öz biləndarı, ustası var və onların peşə qabiliyyətinə güvənmək lazımdır. Futbolçu futbolunu oynamalıdır, qəssab cəmdək şaqqalamalıdır, həkim əməliyyat etməlidir (yaxşı olar ki, mötərizədən qabaq adları çəkilən peşə sahibləri işlərini qarışdırmasınlar), müəllim şagird öyrətməlidir, santexnik də öz işini görməlidir.

Ona qalsa, az qala hər gün bizə zəng vurub, mesaj yazıb məqalələri necə yazmağı öyrədənlər olur. Dözürük.

Səmimisinə qalanda arada biz də deyirik, a bəy, belə savadlısınızsa, o dediyiniz mövzuda bir yazı yazın, göndərin, çap edək. Ən pisi (bəlkə də ən yaxşısı) odur ki, bəzən bizə yazı yazmaq öyrədən oxucu doğrudan da yazı yazıb göndərir, baxırıq ki, Allah tərəfi, pis yazmayıb.

Ona görə də kim bilir, bəlkə eyzən uduzan futbolçularımızı tənqid edən azarkeşlər Ağacan müəllimin sözünə qulaq asaraq, özləri oynasalar, ortaya fərqli nəticə qoya bilərlər?

Ola bilməzmi? Bal kimi olar. Uduzmaq çətin deyil. Udmaq və güclü rəqiblə heç-heçə etmək çətindir. Əslində böyük hesabla uduzmamaq da xeyli çətindir. Ola bilər, həvəskar azarkeşlərdən ibarət komanda qeyrətə-namusa boğulub meydanda can qoyar, 5 top buraxmazlar, 2-3 qolla yola verərlər, gedər.

Uzun sözün qısası, hara döndərirsən, adamın yadına “İnjenerdən çox bilirsənmi” lətifəsi düşür. O da yazılası bir şey deyil. Gərək bilənlər bilməyənlərə danışsın.

Samir Sarı

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer