“Qəbələ”nin “şok terapiyası”

24 İyun 2019 15:48 Köşə 1 280
“Qəbələ”nin “şok terapiyası”

“Menecerlər futbolçu təklif edirlər. Şərtlərimizi deyirik, futbolçuya verə biləcəyimiz pulu bildiririk. Elə başa düşürlər ki, aylıq məvacibdir. Halbuki illik maaşı deyirik. Məbləği eşidəndə şoka düşürlər”.

Bu sözləri “Qəbələ”nin baş meneceri Zaur Əzizov “Futbol+” qəzetinə verdiyi açıqlamada deyib.

Azərbaycan futbolunda “şokasalma” ənənəsi mövcuddur. Vaxt var idi, klublarımız futbolçuları təklif etdikləri məbləğin çoxluğu ilə şoka salırdılar.

Məsələn, Rumıniyada aylıq məvacibi 1500-2000 dollar olan futbolçuya, gözəlim Lənkəranda 50 min dollar təklif edirdilər.

Adam şoka düşməsin, nə etsin? Elə şok halında da gəlirdi Azərbaycana. Amma burda onları şokdan çıxarda bilmirdilər.

Daha bir məsələn, Azərbaycan yığma komandasının futbolçuları məğlub olduqları oyuna görə 50 min dollar mükafat alırdılar.

Adam şoka düşməsin, nə etsin? Onlar da düşürdülür.

Yığmamızın üzvləri şoka elə düşüblər ki, AFFA dünyanın bütün ölkələrindən məşqçi-kimyagərlər gətirsə də, onları hələ də şokdan çıxarda bilmirlər.

Elə bu “Qəbələ”də varlı-hallı vaxtında çoxlarını şoka salıb. “Varlığa nə darlıq” deyib, “şokasalma” “oyun”undan həzz alırdılar.

“Neftçi” qaldırırdı, “Xəzər Lənkəran” da qaldırırdı, sonra “Bakı” qaldırırdı, daha sonra “Qəbələ” qaldırırdı.

Qiymətləri deyirəm ey. Beləcə, varlı-hallılar yaxşı “oyun” tapmışdılar zövq qalmaq üçün. İnsafən, varlılara yaraşan “oyun” idi.

Amma bu “oyun” - “sokasalma” nə “Neftçi”yə, nə “Xəzər Lənkəran”a, nə “Bakı”ya, nə də “Qəbələ”yə düz-əməlli bir futbolçu vermədi.

Əcnəbilər gəldilər, elə şok halında da qayıtdılar. Yerlilər isə futbolçu ola bilmədilər ki, bilmədilər.

Heç AFFA-nın da “şokasalma”sı Azərbaycan yığmasının üzvlərini futbolçu edə bilmədi. Bəlli oldu ki, məvacibi çox verməklə, məğlubiyyətə görə mükafat ödəməklə futbolçu düzəltmək olmaz.

İndi “Qəbələ” “şokasalma” “oyun”unu dayandırıb, “şok terapiyası” edirlər. Bu günlərinə də şükür etsinlər, “Xəzər Lənkəran”ın, “Bakı”nın belə şansı olmadı heç. Eləcə, şok halında canlarını tapşırdılar.

“Şok terapiyası” nədir? “Şok terapiyası” (fransızca choc-zərbə, təkan)- təsərrüfat münasibətlərinin normal gedişini pozan və bir sıra mənfi nəticələrlə qiymətlərin qalxması, inflyasiya kimi amillərin aradan qaldırılmasına yönəldilən tədbirlər kompleksidir.

Bu tədbirlər iqtisadiyyatın sağlamlaşdırılması məqsədilə tətbiq edilir və radikal xarakter daşıyır.

Düz yoldasınız, “Qəbələ”! “Şok terapiyası”nı davam etdirmək lazımdır. Özü də bunu bütün klublar etməlidirlər.

Etməlidirlər ki, futbol təsərrüfatımız sağlamlaşsın, yoxsa hamınızın aqibəti “Xəzər Lənkəran”ın, “Bakı”nın aqibəti kimi olacaq, bir-bir canınızı tapşıracaqsınız.

Ay həriflər, deməyin ki, görmədik, qulağınızı dartdınız ha...

Natiq Muxtarlı

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer