Azərbaycanlı olaraq yerli limonumuzun dadını başqa limondan ala bilmirəm.
Turş dadı ilə üzümüzdə yaratdığı ifadə hər kəsə tanışdır.
Bu ecazkar dadı hər şeyə rəğmən, çox sevirik. Futbol üzrə yığmamızı sevdiyimiz kimi. Azarkeşlərimiz millinin hər matçından sonra limon yeyirmiş kimi üzlərini turşudaraq meydandan çıxır.
Bəzi topçularımızın (futbolçu yox ha) müsahibələrini dinləmişəm. Tənqidlərə reaksiyaları standartdır.
Cavabları təxminən belədir: “Bizi tənqid edənlər meydanda deyillər, meydanda olan bizik. Biz 90 dəqiqə qaçırıq. Oyuna görə məsuliyyət daşıyırıq...” və sair. Sual verirəm o topçulara: yuxarıda sadalananlar dünyanın hansı yerində keçərli deyil? Bəlkə, Məsud Özil futbolu meydanda yox, evdə oynayır, bəlkə, Ronaldo 90 dəqiqə yox, 9 dəqiqə top qovur, ya Messi?..
Görünür, FİFA-ya xahiş ərizəsi ilə müraciət etmək lazımdır ki, milli yığmamıza qarşı humanist davransınlar. Yığmamızın oyunları 90 yox, 9 dəqiqə olsun, qaçmaq qəti qadağan olunsun. Fikrimcə, yalnız bu halda hansısa ciddi uğurdan söhbət gedə bilər.
Bir zamanlar AFFA əlacsızlıqdan Berti Foqts kimi futbolda öz sözünü demiş mütəxəssisi yığma komandamıza baş məşqçi təyin etdi. Az qala, Foqts məşq keçməyə adam axtarırdı. Bizim topçular isə... Tarix yazmış bəzi topçularımızı çıxmaq şərti ilə, yığmamızın həm keçmiş, həm də cari heyətinin əksəriyyəti futbola iş yeri kimi yanaşır. Eyni zamanda, işlərindən zövq almağı bacarmırlar.
B.Foqtsun yığmamızın sükanı arxasına keçməsini Luis Hemiltonun “Jiquli”ni idarə etməsi ilə müqayisə edərdim. Nəticədə sürücü Hemilton olsa da, idarə etdiyi avtomobil 100 km sürətdə boğulur və titrəməyə başlayır. Tam bizim topçularımız kimi. İlk hissənin 30-cu dəqiqəsindən sonra dil topuğa dolaşır və oyun öncəsi çəkilən siqaretin təsirindən nəfəs kəsilir. Bu minvalla bütün karyeraları boyu zövqümüzü oxşayırlar.
Bizimkilər “insan qocaldıqca müdrikləşər” deyimini futbolda tətbiq edirlər. Heç olmasa, Zidana baxıb nümunə götürün. Futbolçu karyerasının pik həddində azarkeşlərlə vidalaşdı. Məşqçi kimi “Real Madrid”i 3 mövsüm Çempionlar Liqasında ard-arda qalib etdikdən sonra könüllü istefa verdi. Yəni ki, üzüsulu getdi, zəhlə tökmədi. Baxmayaraq ki, hər iki halda davam etməyə haqqı çatırdı.
Nə isə... Xalqın sizə deyəcək sözü çoxdur. Artıq futbolçu olmağın vaxtıdır. Vaz keçin topçuluq sevdasından. Yerinizi cavanlara verin, bəlkə, onlar daha yaxşısını bacarar.
Rahib Əhmədoğlu

