"Səbail"in Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi bəllidi.
Aftandil Hacıyevin baş məşqçisi olduğu kollektiv I mərhələdə Rumıniyadan "Krayova"nı mübarizədən kənarlaşdıracağı təqdirdə, "Honved" (Budapeşt, Macarıstan) - "Jalgiris" (Vilnüs, Litva) cütünün qalibi ilə qarşılaşacaq.
Avropa Liqasında I təsnifat mərhələsinin oyunları 11 - 18 iyulda, II təsnifat mərhələsi isə 25 iyul - 1 avqustda keçiriləcək.
«Səbail» yeni mövsümə fərqli ovqatla daxil olmaq istəyir. Əlbəttə, bu fərqlilik ən əvvəl avrokubok prizmasından qiymətləndirilməlidi.
Ölkə çempionatına gəlincə, komanda «Qəbələ»nin zəifləyəcəyini ehtimal edərək, daha vüsətlə güclənməyə meyilli olmalı və «neftçi» ilə «Qarabağ»a şərik olmaq üçün çalışmalıdı.
Bir sözlə, daha sanballı heyət qurmaq əsas vəzifələrdən olmalıdı. Buna isə komandanın nə qədər nail ola biləcəyini transfer bazarı ilə ölçmək mümkündü.
Klubu Tome Kitanovski, İmanol İbireri, Enrike Perilyu, Jarjue, Tamazi Setsxladze və Ruslan Qurbanov tərk edib.
Alınanlar sırasında Kamal Bayramov və Dilan Duventru (hər ikisi - "Zirə"), Ürfan Abbasov ("Qəbələ"), Turan Manafov ("Zaqatala") ilə yanaşı, Makedoniya "Rabotniçki"sindən gətirilmiş Daniel Bojinovskinin adı diqqət çəkir.
Rahid Əmirquliyev, Vüqar Bəybalayev, Ağabala Ramazanov, Şəhriyar Rəhimov və Aleksandr Rıbkanın qalması yeni müqavilələrlə möhkəmləndirilib.
Bu arada, futbol baxımından daha çox gələcək bizi maraqlandıran klubun baş məşqçisinə kömək edəcək Emin Ağayev, Yaşar Hüseynov, Fərhad Vəliyev və Toni Boqdanovski ilə sazişlərin artırılmasını qeyd etməliyik.
«Səbail» hazırlığına da digər klublardan fərqli yanaşıb. «Qarabağ»a uduzaraq (1:3) səfərə çıxmış klub Bolqarıstanın Bransko şəhərinə yollanıb və iyulun 2-dək burda qalaraq 4 yoxlama oyununda qüvvəsini sınayacaq.
Bunlar Plovdiv “Lokomotiv”i (21 iyun), “Beroe” (25 iyun), Rumıniya “Akademika Klinçeni” (28 iyun) və “Makedoniya Qyorçe Petrov”dır (1 iyul).
Transferlərindən fərqli olaraq, klub rəqiblərini məhz avrokubok prizmasından ilk tura hazırlıq baxımından optimal və hər tipə müvafiq seçə bilib. Bu isə ümidvericidi.
Lakin komandanın qarşısında qoyulmuş əsas vəzifəni hələ tam müəyyən etmək mümkün deyil və buna görə də təxminlərdən danışmaq yersizdi.
Amma bilinən odu ki, daha irəli nəzər salmaq üçün transferlərin daha ciddi və sanballı olmasına ehtiyac var.
ELXAN

