Avrokuboklardakı rəqiblərimizə baxırsan, sanki mini SSRİ çempionatıdı.
Böyük ehtimalla, "Qarabağ" Latviyaya, "Neftçi" Moldova və Rusiyaya, "Qəbələ" isə Gürcüstana gedəcək.
"Qarabağ"ı indidən üçüncü mərhələ münasibətilə təbrik etmək olar.
"Neftçi" ilk rəqibi yüzdəyüz keçəcək. Tulaya yalnız bu şəhərin Kremlini ziyarət edib, pryaniklərini dadıb, samovarları ilə Bakıya dönməmək, qısası, turist səfəri etməmək üçün heyət gücləndirilməlidi.
Yeni transferlərdən Monroz və Stankoviçin faydalı olacaqlarına şübhə etmirəm. Amma ikinci dəfə "Neftçi"yə dönən Dario və Rauf Əliyev haqda eyni sözləri deyə bilmirəm.
Çünki şübhələr var. Məsələn, İqnasio Erreranın dönüşü mənə görə Cənubi Koreyada ehtiyat oyunçular skamyasını cilalamaqla məşğul olan Dariodan qat-qat faydalı olardı.
Rauf isə "Qarabağ"dan gedəndən sonra əvvəlki oyununu göstərə bilmir.
Qrupa düşmək hədəfi varsa, Roberto Bordini bəribaşdan göndərib, normal baş məşqçi tapmaq yaxşı olardı.
Bu arada "Qarabağ"ın "Neftçi"nin keçmiş müdafiəçisi Aylton Silvanı almaq istədiyini yazırlar. Kaş "Neftçi" özü bu transferi gerçəkləşdirə! Çünki Georgi Navalovskidən sonra sol cinahda daim problemlər var.
Anton Krivotsyukun ustalığı "Neftçi" səviyyəsində çıxış etməyə imkan vermir. Tural Axundov isə ən yaxşı halda ehtiyat oyunçular skamyasında ola bilər.
Yəni, Aylton səviyyəsində bir futbolçu "Neftçi"yə hava-su kimi vacibdi.
Mirabdulla Abbasovun gedib-getməməsindən asılı olmayaraq, Dino Ndlovu kimi güclü bir legioner hücumçu alınmalıdı.
Ümumiyyətlə, əgər hədəfdə Avroliqa qrupu və çempionluq varsa, bütün xəttlərə daha keyfiyyətli futbolçular lazımdı.
Məsələn, qapıdakı rəqabəti daha da artırmaq üçün Dmitri Bezotosnını alıb, Kamran İbrahimovu oynayıb praktika qazanacağı bir kluba icarə vermək olar.
Kiril Petrov və Mamadu Mbodjun qeyri-sabitliyini nəzərə alsaq, Bəhlul Mustafazadə və Amin Seydiyevin də "Neftçi"yə transferi yerinə düşər.
"Qəbələ"nin işi hamıdan çətindi. "Qəbələ"dən 4 ildi yanıqlı olan qonşularımız "Qafqaz derbisi"ni qazanmaq üçün hər cür həyasızlıq edəcək.
Buna artıq bir dəfə şahid olmuşuq. Bu dəfə də hər cür təxribat, çirkinlik gözləniləndi.
"Qəbələ" nə qədər aparıcı futbolçuları itirsə də, hələlik heyəti o qədər də zəif deyil. Və bu cütdə kim daha motivasiyalı, xarakterli olsa o da qalib gələcək.
Emosiyalar, döyüşkənlik, mübarizə, dava-dalaş bu komandaların oyunlarında hər şey görəcəyik.
Bir sözlə çox maraqlı olacaq!
Klublarımıza uğurlar! Nə qədər gec deyil, transfer işlərini sürətləndirmək lazımdı.
Anar Şabanoğlu

