Futbolçu olmaya-olmaya “futbol veteranı” adını mənimsəyən, üstəlik, hansısa veteranlar təşkilatına da rəhbərlik edən (uşaqda fərasətə bax ey!) Oqtay Abdullayev yaddaşını itirib.
Onun yaddaşını itirməsinin bir neçə səbəbi olduğu bildirilir.
Əvvəlcə Abdullayevin yaddaşını itirməsini göstərən fakt: Oqtay müəllim bir müddət əvvəl “Futbol+” qəzetinə verdiyi açıqlamada demişdi ki, Nazim Süleymanovun Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar Təşkilatını yaratmasına heç bir ehtiyac yoxdur.
Guya bu addım veteranlar arasında nifaq yaradacaqmış, onların birliyini parçalayacaqmış. Hərgah, Azərbaycanın futbol veteranlarının nifaqsız günləri olmayıb, üstəlik, heç vaxt birlik üzü də görməyiblər.
Oqtay Abullayev həm də onu demişdi ki, özünün girdirmə təşkilatı ola-ola, başqa təşkilat yaratmağa lüzum yoxdur.
Amma iyunun 18-də yenə də “Futbol+” qəzetinə verdiyi açıqlamada deyib ki, Nazim Süleymanovun yeni təşkilat yaratmasını alqışlayır.
Üstəlik, onu da vurğulayıb ki, belə təşkilatlar nə qədər çox olarsa, bir o qədər yaxşıdır.
Düzü, bu açıqlamadan sonra Oqtay Abdullayevin səhhəti ilə bağlı ciddi narahatlıq keçirdik. Nöşün ki, yaddaşın pozulması ciddi xəstəliyin siqnalı ola bilər.
Amma Oqtay Abdullayevin yaddaşının pozulmasına başqa amil də səbəb ola bilər.
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar Təşkilatının nümayəndələrini qəbul edib və belə bir təşkilatın yaranmasının vacib olduğunu bildirib.
Həm də qeyd edib ki, bu təşkilatın səmərəli fəaliyyət göstərməsi üçün hər sür dəstək göstərəcəklər.
Oqtay Abdullayevin yaddaşını pozan Elxan Məmmədovun açıqlaması da ola bilər. Bu yaddaş pozulmasına “yaltaqlıq sindromu” deyirlər.
İndi qalmışıq narahat, bilmirik ki, Abdullayevin yaddaşının pozulması ciddi xəstəliyin əlamətidir, yoxsa “yaltaqlıq sindromu”nun?
Allah Oqtay müəllimə can sağlığı versin, təki, ikinci olsun.
MƏRDİMƏZAR

