Olmaz belə, qalmaz belə dünya.
Yəqin ki, heç Azərbaycan futbolu da belə qalmayacaq.
Baxmayaraq ki, onu belə saxlamağa çalışan nadürüstlər yetərincədir. Olduqca sərt “nadürüst” ifadəsini işlətdiyim üçün qınamayın məni.
Əminəm ki, Slovakiya ilə qarşılaşmadan sonra çoxlarınız bundan da sərt ifadələr işlədibsiniz futbolumuzu bu günə salanlar haqda.
“Sən nə qırmızı adamsanmış” deyimi aktualdır bu gün. Bütün xalq “biz niyə bu günə qaldıq” sualını verir bir-birinə. Bütün xalq utanır, xəcalət çəkir Azərbaycan yığmasının yaşadığı biabırçılıqlara görə.
Amma bir nəfər nə utanır, nə xəcalət çəkir. “Qırmızı” adamlar utana bilmir. Qırmızılıq xarakterə çevrilibsə, onda adam sürtülə, padoşlaşa bilər ancaq.
Azərbaycan futbolunun bu duruma salınmasının bəlli səbəbləri var əlbət. Həm də bəlli şəxslər sayəsində.
Kimdir onlar? Elə biri haqda danışsaq yetərli olar. Futboldan başı çıxmayan baş katibin baş planıdır azərbaycanlıları utanmağa, xəcalətli olmağa vadar edən.
İndi hamını həm də bir sual düşündürür: Axı bu qırmızı adamı Azərbaycan futboluna kim urcah etdi? Axı bu qırmızı adamın adamı kimdir ki, xalqın tələbinə, etirazına baxmayaraq, onun gözünü də püləmək olmur.
Axı gərəkdi ki, hər kəsin ləyaqət hissi, mənliyi olsun. Qırmızılığa salıb məşqçiləri bir-bir dəyişmək olar, futbolçuların “yararsız” olduğuna kimlərisə inandırmaq da mümkündür.
Amma adamın özündə də bir hiss olmalıdır. Deməlidir ki, ay qırmızı adam, indi vaxt-vədə sənindir. Sən getməlisən.
Sən baş katib başa düşməlisən ki, daha bu xalqı bu qədər təhqir edə bilməzsən. Sən baş katib deməlisən ki, yox, yeddi arxadan dönənimin əmvatına bu qədər “salavat” qəbul edə bilmərəm.
Deməlisən və getməlisən. Amma demirsən və getmirsən. Onda biz deyək: Sən nə qırmızı adammışsan, Elxan?!
Tural Turan

