"Qarabağ"ın fiaskosu, yoxsa həddini aşan kütlə?

16:05 Qarabağ 176
"Qarabağ"ın fiaskosu, yoxsa həddini aşan kütlə?

“Qarabağ” 12 mövsümlük fasilədən sonra ilk dəfə avrokuboklarda liqa mərhələsinə vəsiqə qazana bilmədi.

“Tvente”yə 1:4 hesablı məğlubiyyətdən sonra sosial şəbəkələrdə əsas müzakirə mövzusu Ağdam klubudur. Azarkeşlər “Qarabağ”ın uğursuzluğundan geninə-boluna danışır, komandanı tənqid edirlər.

Amma bir sual yaranır: Azərbaycan futbolu nə vaxt bu qədər böyüdü ki, pley-off mərhələsində mübarizəni dayandırmaq artıq uğursuzluq, fiasko hesab olunur?

Son 12 ildə “Qəbələ” cəmi iki dəfə qrup mərhələsinə vəsiqə qazanıb. Digər klublarımızın isə belə nəticələri yoxdur. Ən yaxşı halda “Zirə” yalnız bir dəfə Konfrans Liqasının pley-off mərhələsinə qədər irəliləyə bilib.

Bəs biz nə vaxt bu səviyyəyə çatdıq ki, pley-off mərhələsində mübarizəni dayandırmağı fiasko kimi təqdim edirik?

Əlbəttə, bunu “Qarabağ”ın öz standartları baxımından uğursuzluq adlandırmaq olar. Çünki Ağdam klubu son 12 ildə özü üçün müəyyən bir hədd qoymuşdu: Ən pis halda Konfrans Liqasının liqa mərhələsi. Hər il bu mərhələyə çatmaq artıq “Qarabağ” üçün adi hədəfə çevrilmişdi.

Amma Azərbaycan futbolunun ümumi mənzərəsindən baxanda vəziyyət bir qədər fərqlidir.

Digər klublarımıza baxaq. “Neftçi” yenə erkən mərhələdə mübarizəni dayandırdı. “Zirə” də yoluna davam edə bilmədi. Liqa mərhələsinə vəsiqə qazanan isə yalnız ölkə çempionu “Sabah” oldu.

“Qarabağ” isə pley-off mərhələsinə qədər gəldi və liqa mərhələsinin bir addımlığında mübarizəni dayandırdı. Birinci, ikinci, hətta üçüncü mərhələdə yox — pley-offda.

Ona görə də “Qarabağ”ın nəticəsini öz standartları ilə ölçəndə uğursuzluq demək olar. Amma Azərbaycan futbolunun pəncərəsindən baxanda “Qarabağ”ın bu mövsümünü uğursuzluq kimi təqdim etmək bir qədər ədalətsiz görünür.

Çünki problem “Qarabağ”ın zəifləməsində yox, bizim gözləntilərimizin həddindən artıq yüksəlməsindədir.

Bəlkə də bu, əslində “Qarabağ”ın uğursuzluğundan çox, illər ərzində yaratdığı yüksək standartın göstəricisidir.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!