"Sabah" Çempionlar Liqasında tarixi uğura imza atdı.
Komanda debüt mövsümündəcə ardıcıl 4 mərhələ adlamağı bacardı.
Qarşıdan isə liqa mərhələsi gəlir.
Həqiqətən, böyük uğurdur.
Əsas memar isə baş məşqçi Valdas Dambrauskas.
Haqlı olaraq litvalı mütəxəssisin ünvanına xoş sözlər sel kimi yağır.
Adamın haqqıdır. Ortaya qoyduğu işlə bunu bacarıb.
Təəssüf ki, bəzən aşırı təriflər də görürük.
Məsələn, son qələbədən sonra Dambrauskası Qurban Qurbanovla müqayisə edənlər, hətta ondan üstün tutanlar gördük.
Məncə, bu qədəri artıq oldu axı.
Dambrauskas cəmi bir ildi ölkəmizə gəlib.
Qurban Qurbanov isə nə az, nə çox 18 ildi eyni yox, daha böyük uğurlarla Azərbaycan azarkeşlərini sevindirir.
Ağdam klubu onun rəhbərliyi altında 10 il əvvəl Çempionlar Liqasının əsas mərhələsində çıxış edib.
"Benfika", "Çelsi", "Atletiko" kimi dünya nəhənglərini dizə gətirib.
Təkcə yaxşı nəticə qazanmayıb, həm də layiqli oyunla sevindirib.
Bir anda bu qədər uğuru kölgədə qoymaq, dünən ölkəmizə gələn əcnəbini başa keçirmək ədalətli yanaşma deyil.
Dambrauskas öz tarixini yazmağa yenicə başlayıb. Ümid edək ki, qarşıda onun üçün daha böyük uğurlar olacaq.
Amma Qurban Qurbanovla müqayisə üçün hələ çox yol var.
Tərif edək, haqqını verək. Amma ölçünü də itirməyək.
XANOĞLAN/ SPORTİNFO.AZ
