Hər dəfə futbol millimiz və ya klub komandamız özündən zəif rəqibə uduzanda başımız çönür.
Əlbəttə, güclü rəqibə uduzanda da deyinirik, giley-güzar edirik, məğlub futbolçularımızı qınayırıq (çox vaxt ələ salırıq, istehzaya məruz qoyuruq), amma bu, zəif rəqibə uduzduqları vaxt olduğu qədər şiddətli olmur.
Əslində, “zəif rəqib” söhbəti burada şərti plandadır. Bir halda ki o əcnəbi komanda bizim komandanı udub, demək, güclü odur, zəif bizik.
Amma biz kimisə “zəif rəqib” hesab edəndə həmin komandanın statistik göstəricilərini, FİFA-nın, UEFA-nın reytinq cədvəlindəki yerlərini nəzərə alırıq. Elə komandalar var ki, ömründə bir qələbəsi yoxdur, rəqib komandasının qapısına 3-4 ildən bir qol vurur, ya vurmur. O cür komanda təbii ki, bizim gözümüzdə zəif rəqibdir.
İntəhası, belə rəqiblə qarşılaşanda, oxumuş adamların sözü olmasın, fors-major durum yaranır, həmin komanda məhz 3 ildən bəri vura bilmədiyi qolu bizim komandanın qapısına vurur və tarixində ilk qələbəni bizim üzərimizdə qazanır. Bax, belə məqamda haqlı olaraq bizim azarkeşlərin başı çönür.
Axırıncı dəfə elə bir haqq-hesab srağagün baş verib. Lixtenşteynin U-21 millisi azərbaycanlı həmyaşıdlarına 1:0 hesabıyla qalib gəlib.
Artıq Lixtenşteyndə karnavaldır, festivaldır, ümummilli bayramdır. Çünki bu, onların tarixində ilk qələbədir.
Lixtenşteynlilərin baş məşqçisi Martin Ştoklaza “güclü rəqibə qarşı oynadıq” deyərək əlavə edib ki, qələbə qazandıqları üçün qürur duyur. Adam “yeni tarix yaza bilmək”dən də danışıb və bir balaca qudurğanlıq edərək deyib ki, “bu komanda daha artığını bacara bilər”.
Adamın xəbəri yoxdur ki, bu, 40 ildə bir olan işdir, bir də bizimki kimi U-21-ləri hardan tapacaqsınız ki, çovumuş güllə kimi qapısına qol vurub qələbə qazanasız. Allahın Farer adaları indiyə qədər yeddi dəfə çiləyib sizi.
Amma biz özümüzə cavabdehik, öz məğlubiyyətimizə baxaq. Lap deyək ki, bu təsadüfi bir qol idi və Lixtenşteynin də qələbəsi təsadüfən oldu.
Adama deyərlər, sən qol vurdun, saymadılar?
Düzdür, bizim hücumçular Lixtenşteyn komandasının qapıçısı Armando Mayeri bir az incidiblər, amma məsələ onun qanını tamam qaraldacaq duruma çatmayıb. Əvəzində indi Mayer ölkəsində 3 qəhrəmandan biridir.
Ona görə də hazırda futbol azarkeşlərimiz çox qəzəblidir. Portuqaliyaya 6:0 uduzanda heç bu qədər yanıb-tökülməmişdik. Çünki Portuqaliyanın ən güclü vaxtında, Luiş Fiqunun, Nunyo Qomeşin, Rui Koştanın dövründə bu komandaya Bakıda dra-dra dedizdirmişdik, portuqallar məğlubiyyətdən güclə yaxa qurtarmışdılar.
Fiqu Bakıdan nətəhər qəzəbli getmişdisə qatıldığı beynəlxalq futbol iclaslarında çıxış edərkən deyirdi ki, Bakıda stadionun qazonu eləydi, beləydi, meydança kələ-kötür idi, təşkilatçılıq yaxşı deyildi.
Amma ona deyən olmadı ki, qazon pis idisə, hər iki komanda üçün pis idi... Yəni adam Bakıdakı uğursuzluğu üçün elə hey bəhanə axtarırdı.
İndi Fiqunu Bakıdan pərt yola salan futbolçularımızın xələfləri gedib Avropanın ilk “qırxlığ”ına düşməyən komandaya uduzurlar.
Lixtenşteyn, bilirsiniz, nə boydadır? Təxminən bizim Sulutəpə boyda. Bəziləri onu Qubayla, Bərdəylə, Lənkəranla müqayisə edir, amma yox, bu rayonlar, əhali sayına qalsa, Lixtenşteyndən 3 dəfə böyükdür.
Cəmi 37 min nəfər əhalisi var Lixtenşteynin. Bu cırtdan ölkəni bəlkə bizim Daşkəsənlə müqayisə etmək olar - hər ikisinin adında “daş” olduğuna görə.
Siz təsəvvür edin, orada 37 min nəfərin içindən 22 nəfər 21 yaşlı gənc tapıb futbol oynada bilirlər, biz 10 milyondan 10 nəfər çıxarda bilmirik (yerdə qalan 1 nəfəri də legionerlərdən birini milliləşdirməklə düzəldirik).
Bu, nədir axı? Fiziki gücə-qüvvətə, tatami üstündə süpürləşməyə, rinqdə yumruqlaşmağa qalsa, əmin olun ki, 100 idmançı Lixtenşteyndən çıxsa, yüzü də bizdən, ümumi hesab 100:0 olmasa da, 95:5 hesabıyla bizim xeyrimizə olar. Di gəl, futbolda 0:1 hesabıyla uduzuruq.
Bunun səbəbləri araşdırılmalıdır və tapılmalıdır. Ya da gərək ayağımıza butsi geyinib yaşıl sahələrə çıxmayaq.
Samir Sarı

