Azərbaycanı avrokuboklarda təmsil edəcək bütün komandalar müəyyənləşib.
Dördüncü vəsiqənin sahibi ölkə kubokunun finalında keçirilən "Qəbələ" - "Sumqayıt" görüşündən sonra bəlli olub.
Bu hüquqa rəqibi üzərində minimal hesabla qalib gələn "Qəbələ" yiyələnib - 1:0. "Qırmızı-qaralar" ardıcıl altıncı dəfə Avropa Liqasında mübarizə aparacaq.
Onlarla yanaşı, çempionatın gümüş və bürünc medalçıları olan "Neftçi" və "Səbail" də bu turnirə qatılacaq.
Ölkə çempionu "Qarabağ" isə Çempionlar Liqasında iştirak edəcək. Avrokubokların 2019/2020 mövsümünün ilk püşkü iyunun 11-də baş tutacaq.
Azərbaycan klubları ilkin raunddan azaddı.
Elə təkcə bu oyun və cəmi bir oyun da nümayiş etdirdi ki, «Qəbələ»yə bu heyət və oyunla Avropa səhnəsində çox çətin olacaq.
Ona görə də kollektivin gücləndirilməsi, lakin futbolçuların arayıb-axtarıb, baxıb-yoxlayıb deyil, dəqiqliklə seçilməsi vacib olacaq. Həm də bu işləri qısa zamanda, yerinə yetirmək lazımdı.
Çünki məşqçi korpusunun hazırlıq üçün çox vaxtı da qalmayacaq.
Doğrudu, Avropa Liqasına çıxmış digər iki kollektivlə müqayisədə «Qəbələ»nin iki həftəlik artıq vaxtı olacaq.
Lakin iyul ayının sonları olsa da, hazırlıq üçün optimal qrafik cüzülmalıdır.
Bir də onu da xüsusi qeyd edək ki, seleksiyası bu dəfə dəqiq iş qura bilsə, komanda çox şeyə nail olacaq.
Çünki bdcəsi xeyli zəifləyən «Qəbələ» öz təsərrüfatını qurmaq üzrə olan, bütöv sistemə yaxınlaşan nadir kollektivlərdəndi.
Bu məqamlarda uğursuzluqlar ona «Karvan», «Xəzər Lənkəran», «MKT- Araz», «Bakı» və başqalarının aqibətini yaşada bilər.
Təəssüf ki, geridə qalan günlərdə «qırmızı-qara» camiədən gələn xəbərlərin hamısı narahatlıq yaradır. Klubun tamamilə iddiasızlaşması təhlükəsi var və bu, kifayət qədər ciddidi.
Yüksəködənişli futbolçların – istər yerlilər, istər legionerlər olsun – hamısının yola salınması gözlənilir.
Sənan Qurbanov baş məşqçi postunda saxlanıldı – bununla taleyüklü məsələlərin heç biri həll olunmur.
Onun əlində sanballı ifaçılar olmalıdı, axı komanda Avropa Liqasına gelir. Hazırkı heyət belə, 1 mərhələ keçmək üçün yetərsizdi.
Onlar da gedəndən sonra Biləcəridən o yana bollanmağın, yaxud yollanmağın mənası qalmır.
Burnundan vurub geri qaytarılmaq «Qəbələ»yə yaraşarmı heç? Əsla!
MUSA

