Köhnə dəb yenidən öz yerini tutub.
Adamın, «daydayı»ın varmı?
Azərbaycanda çox klub öz «amplua»sına qayıdıb. Bir neçə il qabağa kimi belə deyildi, rəhbərlər azca da olsa, ağıllanmışdı, keçmişin ünsürləri, «adət-ənənələri» ilə getmidilər.
O dövrün yazılan və yazılmayan «qayda-qanunlar»ından imtina eləmişdilər, dönüb arxaya baxmaq istəmirdilər.
Ancaq basqını sonadək qaldıra bilmədilər. Söz tapa bilmirəm, heyərt içində olanları müşahidə etməkdə, izləməkdəyəm. Adamlarda üz var, özü də nə qədər istəsən! Bəlkə ondan çox!
Getməli olanların, getməsinin gərəkdiyini bilənlərin tükü də tərpənmir. Deyirik, Azərbaycan futbolunda pul tükənib, klublar imkansızlaşıb.
Bu fikir həm düzdü, həm də yanlış.
Premyer Liqadakıların demək olar hamısı illik büdcəsini açıqlayıb və görürsən ki, ən kasıbı 2 milyon manat xərcləyib. 5, 10, 15 milyonla mövsümü qapadaları da az deyil.
Pulu çox olan da, az olan da razıdı - hamısı futbolçulardan yapışıb, onları qovmağa hazırlaşır, biri də baş məşqçisini yerindən tərpətmir.
Niyə?
Çünki hər birinin bir adamı, «dayday»ı var. Quyruğu qapı arasında qalan zəng vurur onu vəzifəyə əyləşdirənə, xahişini edənə, .özünü saxlatdırır.
Rəhbər ona telefon açan adama demir ki, a kişi, milyonlar batıb, qarşısına məqsəd qoyulan baş məşqçiyə görə hansı üzlə mənə ağız açırsan?
Deyən olsaydı, özünü mütəxəssis hesab edən lisenziyalı ikisifətlər ili ilə calayıb, qaldığı yerdə qurd salmazdı.
Zəng çox şeyi həll edir. Nəticə verdin-vermədin, adamın varsa, zəng vuranın varsa, sənə görə minnətçi düşəcək «dayday»ın varsa, otur oturduğun yerdə, kef elə!
Nə üçün o klub rəhbərləri yarıtmaz məşqçilərin ətəyində namaz qalır, heç bilirsiz? Bu kəslərin özü də klub başına zənglə keçib, özünü daha yuxarıdakılara tapşırtdırıb və ən əsası, futbola cibinin pulunu xərcləmirlər.
O pul bir yerdən, bir mənbədən gəlir, asta-atsa basıb yeyirlər, üstündən də bir parç su içirlər. Qayda belədi: əl əli yuyur, əl də qayıdıb üzü.
Dəyişə, inkişaf edə bilmirik. Savadlı ol, bilikli ol, təcrübəli ol – adamın yoxdusa, canın çıxsın. qal kənarda.
Sistem bu cür oturuşub.
ELNUR

