“Keşlə”də ehsan yeyən Axund(ov), Qurbanova verilən, “Neftçi” rəhbərliyinə verilməyən sual

13 May 2019 17:24 Köşə 1 366
“Keşlə”də ehsan yeyən Axund(ov), Qurbanova verilən, “Neftçi” rəhbərliyinə verilməyən sual

Gedin 10 saylı cəzaçəkmə müəssisəsindən toyuq oğrusunu gətirin və ona 6 milyon manat büdcə verin.

Toyuq oğrusu o pulun yarısını oğurlayacaq.

Bu, birmənalıdır. Amma yerdə qalan yarısını lazımı istiqamətdə xərcləyib “Keşlə”ni ölüsü-ölüsü, 4-cü pilləyə qaldırardı.

Ancaq “Keşlə”nin Axund(ov)u 6 milyonu necə yeyibsə, komanda çempionatı sonuncu pillədə başa vurdu.

Baxmayaraq ki, üst pillədə qərarlaşan klubların bir neçəsinin büdcəsi “Keşlə”nin büdcəsindən nəzərəçarpacaq dərəcədə azdır. Görünür, Axund(ov) hesab edir ki, “Keşlə”yə ayrılan vəsait ehsandır. Onu eləcə, basmarlayıb yemək lazımdır.

Axund(ov) var, Axund var də. Axund(ov) var ki, milləti daim elmə, təhsilə, maarifləndirməyə sövq edib.

Axund(ov) da var ki, ancaq şarlatanlıqla, intriqa, mövhumatla məşğul olub.

Azərbaycan futbolunun qismətinə ikincisi düşüb. Bu Axund(ov)un futzaldakı “qəhrəmanlığı” 19 yaşlı yığmanın Azərbaycanı biabır etməsindən sonra bütün el-obaya faş oldu.

Azərbaycan futbolunda vicdanlı rəhbər olsaydı, bu adamı qovardılar bu təsərrüfatdan. Deyərdilər ki, get başqa yerdə ehsan axtar, ay Axund(ov). Amma etmədilər.

Etmədilər, etmədilər də, axı belə biabırçılıqdan sonra utanan üzü olan Axund(ov) da el arasına çıxmağa utanardı. Amma çıxır. Deməli, utanan üz yoxdur. Onda başqa əlac yox, onun yerinə biz utanaq.

***
Beş-on gün bundan əvvəl birinci divizionda mərəkə idi. Yadınızdadır? Hansısa komandanın məşqçisi deyirdi ki, kimlərsə bizim çempion olmağımıza mane olur, kimlərsə kimlərisə satın alır.

Niyə və nə məqsədlə? Bax, bunu deməmişdi. Axı o çempionluğun qara quruş da dəyəri yoxdursa, hansı axmaq belə intriqalara baş qoşar? Axmaq qoşar. Azərbaycan futbolunda da nə qədər desən axmaq var.

Hə, birinci diviziondakı o mərəkədən beş-on gün sonra AFFA qərar verdi ki, Premyer Liqanı heç bir klub tərk etməyəcək. Yəni birinci diviziondan elitaya heç bir komanda gəlməyəcək.

Yəni, Axund(ov)un “Keşlə”si Premyer Liqada qalacaq. Axund (ov) ehsansız qala bilməzdi axı. Allaha acıq gedərdi. Birinci diviziondakılar, siz Allah, o nə mərəkə idi salmışdınız?

****
Sual vermişkən, birini də çempion “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova verim. İndi çempion olublar deyə, sual vermək haqqımızı əlimizdən ala bilməzlər ki... Qurban müəllim, siz Allah, Reynaldonu niyə gətirmişdiniz, niyə göndərirsiniz?

***
“Qarabağ”la oyunda biletin qiymətini 50 manat etdikləri üçün “Neftçi” rəhbərliyinə sual verməyəcəyəm. Niyə? Ona görə ki, sualı, ağlı başında olan adamlara verirəm həmişə.

Gedin dincəlin, əsəblərinizi bir qədər sakitləşdirməyə çalışın. Növbəti mövsüm sizi dəli yığnağında növbəti mərəkələr gözləyir.

Natiq Muxtarlı

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer