"Get" sözünün mənasını Abasova necə başa salmaq olar?

12 May 2019 15:48 Köşə 870
"Get" sözünün mənasını Abasova necə başa salmaq olar?

"Zirə"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın XXVIII turunda "Sabah"ı səfərdə 3:0 hesabıyla məğlub etdikləri matçdan sonra mətbuat konfransı keçirib.

Komandası çempionatı 5-ci pillədə başa vursa da, gənc mütəxəsssis bu nəticədən razı qalmayıb:

"Formal xarakter daşıyan oyun idi. Yaxşı ki, udduq Qələbə münasibəti ilə futbolçuları təbrik edirəm. Beşinci pillədəki yerimizi qoruduq.

Uduzsaydıq, yeddinci yerə də düşə bilərdik. Bu mövsüm "Zirə" üçün çətin keçdi. Ölkə kubokunda şansımız var idi, ancaq finala adlamadıq.

Çempionatda da istədiyimiz yerdə qərarlaşa bilmədik. Ancaq ötən dəfə dediyim kimi, gələcəyə baxmalıyıq, planlar qurmalıyıq və yaxşı komanda yaratmalıyıq.

"Zirə"də qalacammı? Rəhbərliklə ilkin danışığımız olub. Qalacam. Bir də görüşümüz olacaq. Orda çox şeyi müzakirə edəcəyik».

Eyvallah, mübarək olsun! Bu xəbər əməlli-başlı yenilikdi. «Dəvədən böyük fil» məsələsi elə-belə deyilməmiş, torpaqdan yaranmamış deməli.

Halaldı o məsləhətçi-məşvərətçilərə! Bir gecənin içində patronun hirsini soyutmağı, qərarından döndərməyi bacardıqları üçün.

Tərlan Əhmədovla Samir Abasovla bir almanın iki parçasıdı. Klublardan birinin adı «Keşlə», birinin adı «Zirə» olsa da, iki həmkar, əslinə qalsa, eyni sonluğu bölüşür. Premyer Liqanın yasa batan komandalarını onlar çalışdırır, fəqət heç biri könüllü istefaya getmir.

Samir Abasova demək lazım deyil ki. qapını aç və uzaqlaş. Nə də ki, Tərlan Əhmədova. Bu addımı özləri atmalıdı. Səssiz-səmirsiz.

İstefa vermək də bir mədəniyyətdi. Bunu yalnız özünə hörmət qoyan və çörəyini yediyi klubun qədrini bilən məşqçilər edir.

«Quracağıq» və «yaradacağıq» kimi bəyanatlar yersizdi. Onları vaxtında etmək lazım idi. Toydan sonra nağara çalmaq yüngüllükdü.

«Keşlə» rəhbərliyi yenə özü bilər. Azərbaycan futoluna yamaq olan bir klubdu. Bir-iki fərd buranın hesabına cibinə pul doldurur, ona görə də süni vasitələrlə.»Keşlə»yə nəfəs verirlər.

«Zirə» belə deyil axı. Bu klub şəxsdi, neft şirkətindən və federasiyadan maddi planda bəhrələnmir.

«Zirə»nin büdcəsi şəxsidi, uzağı, 1-2 fərqli sponsorun sayəsində formalaşır. Samir Abasovun mənəvi haqqı çatmır ki, belə bir klubu məyus etsin, bu azmış kimi, görəvdə qalmaq istəsin.

Başdakı şəxs məşqçini qəbul eləmir, görüşmür. Bu, sivil formada «get» mənasına gəlir.

Samir Abasovun bunu anlamadığını düşürmürəm. Elə başa düşür… Sadəcə, özünü o yerə qoymur.

P.S. Ərəb bu yerdə «Haspi Allah!» söyləyib,.vecsiz adamın yanından ötüb gedir.

ELXAN

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer