Son turun heç bir əhəmiyyəti qalmadığından, artıq mövsümə yekun vurmaq olar.
Nə qədər çətin olsa da, məğlub olmağı da bacarmaq və "Qarabağ"ı layiqli çempionluq münasibətilə təbrik etmək lazımdı.
Deyirlər, udanda komanda udur, uduzanda isə məşqçi uduzu. Bu dəfə tərsinədi, bu çempionluq birbaşa Qurban Qurbanovundu.
Millidə yaşadığı haqsızlıqdan sonra toparlanmaq hər oğulun işi deyildi.Qurbanov bunu bacardı və mövsümün baş məşqçisi mövzusunda şübhə yeri qoymadı.
Mövsümün ən yaxşı futbolçusu və qapıçısı "Sumqayıt"la oyundakı uğursuzluğa baxmayaraq, "Neftçi"nin liderləri Emin Mahmudov və Səlahət Ağayevdi.
Ümumiyyətlə, "Neftçi" yerli oyunçulara görə Premyer Liqada ən yaxşıdı.
Mövsümün ən yaxşı transferi Baqali Dabodu. Yerli oyunçulara görə, "Neftçi"ni qeyd etdim, keyfiyyətli legionerlərə görə isə "Qəbələ" məncə, hamını qabaqlayır.
Dabo, Ozobiç, Kvekvekskiri kimi oyunçular gedir amma komanda yenə də keyfiyyətli legioner potensialına görə hamını üstələyir.
Mövsümün tapıntısı da "Qəbələ" akademiyasının yetirməsi Amin Seydiyevdi.
Mövsümün fanatları futbolumuzun azsaylı rəngli tərəflərindən olan "Forza Neftçi" azad azarkeş qrupudu.
Azarkeşlərdən biri mənə yazıb ki, sanki serialdı, hər mövsümün sonu "gələn mövsüm düzələcək" vədi alırıq.
İnsafən deməliyəm ki, komandanın çox bərbad vəziyyətdən bu yerlərə yüksəlməsində Elnur Eyvazovun böyük rolu var.
Bu mövsüm heyətin formalaşmasında və komandada normal mühitin yaranmasında Ceyhun Sultanovun əməyini danmaq olmaz. Dabo, Platellas, Axundov kimi transferlər Sultanovun aktivinə yazılmalıdı.
Mövsümün prezidenti büdcəsinə görə Premyer Liqada çox güman sonuncu yerdə olan "Sumqayıt" ı tarixində ilk dəfə kubok finalına çıxardan, çempionluğun taleyinə birbaşa təsir edən Riad Rəfiyevdi.
Futbolu bilməyin effekti budu! Menecer keçmişinə irad tutanlara demək istəyirəm ki, Vaqif Heydərli, Erkin İbrahimov, Tural Əsgərov kimi futbolu bilən menecerlərə hər hansı klub tapşırılsa, onlar işlərinin öhdəsindən indiki prezidentlərdən daha yaxşı gələr.
Mövsümün mətbuat katibi Rüstəm Allahverdiyevdi. "Neftçi" çempion olmasa da, mətbuat xidməti və klubun fanatları həqiqətən də «№1» idi.
Mövsümün komandası kubok finalından sonra bilinəcək. İfaçılarına görə rəqibini xeyli üstələyən "Qəbələ"nin nəhayət, şeytanın qıçını sındıracağını düşünürəm. "Sumqayıt" bu büdcə və bu heyətlə onsuz da başından yuxarı tullanıb.
Mövsümün azarkeşləri idman jurnalistləridi. Düzdü, mənim haqda da bu sözü 20 ildi deyirlər. Amma xarakteri dəyişmək mümkün deyil.
Yeri gəlmişkən, "Qarabağ"ın çempionluğu münasibətilə ağdamlılara azaekeşlik edən bütün həmkarlarımı da təbrik edirəm.
Nəhayət, mövsümün şərhçisi Elnur Məmmədlidi. Futboldan başqa hər mövzuda tutuzdurduğuna görə.
Mənfi məqamlardan, uğursuz transferlərdən, büdcə təcavüzlərindən yazmıram. Onsuz da, bütün «facebook» lenti neqativlə doludu. Çalışaq, pozitiv olaq!
Anar Şabanoğlu

