Hakimlərin evini yıxmağa qalxdığı "Sabah" və ya bugünün işləri

7 May 2019 13:12 Köşə 775
Hakimlərin evini yıxmağa qalxdığı "Sabah" və ya bugünün işləri

«Sabah» bir gəldi, iki getmədi.

«Lift» olmayacağı artıq rəsmidi.

Premyer Liqada debüt edən komanda dibə enmədi, halbuki göstəricilər daha yaxşı ola bilərdi.

Keçib, artıq gecdi. Əsas odu ki, «Sabah» Elşad Əhmədovla elitada qaldı. Hazırkı baş məşqçiylə yola davam edib-etməməyə qərar verəcək qüvvə yönətimdi.

Prosesə nə biz qarışa bilərik, nə qeyri biri. Bu, daxili məsələdi və gözləməli olduğumuz tək şey doğru qərarın alınmasıdı.

«Sabah» adına bu, çox önəmlidi, çünki 2020-ci ilin yayında klubun yaradılmasının 3 ili tamam olacaq, onadək isə avrokuboklar uğrunda vuruşmaq lazımdı.

İlk ildə hər cür səhv bağışlanandı. Elşad Əhmədov yanlışı və düzü ilə debüt ilini tamamladı. O, bu münasibətlə klub idarəçilərinə təşəkkür etməlidi.

Ən əvvəl ona görə ki, qış fasiləsindən sonraya dəng gələn dramatik günlər və həftələr ərzində yanından çəkilmədilər, dəstəklərini əsirgəmədilər.

Səbrli və dayanıqlı mövqe ortaya qoydular. Bu mənada Elşad bəyi bəxtli saymalıyıq. Və yəqin ki, özü də bunun fərqindədi və daha bir şans qazansa, dəyərləndirəcəyinə inanmaq istərdik.

«Sabah» haqda söylənəcək o qədər söz var ki… Ümid klubun sabah sözün həqiqi mənasında iddialı olmasınadı. Bu baxımdan, perspektiv böyük və genişdi. «Sabah»ın klub olaraq idarəçiliyi düzgündü.

«Sabah»ın komanda olaraq qabağa getməsi isə Əhmədov və yardımçıları barədə yaxınlarda veriləcək yekun rəyə bağlıdı.

Baş məşqçi seçimi həssas məsələsidi, təhlükəlidi. Tələsən təndirə, gecikən quyuya düşər.

«Sabah» sıfırdan yığılan heyətlə Premyer Liqanın qapısını araladı və qışda edilən transferlərlə umduğunu almadı.

Təmkin Xəlilazadə kimi üzdə olan 2-3 futbolçunun alınması, əslində, kollektivi dayandığı yerdən yuxarı çəkməliydi, 2 pillə aşağı çəkdi.

Elşad Əhmədov komandanı Marko Deviç asılılığından xilas etməyə vaxtında cəhd göstərmədi, bunu da bağlayaq onun elita təcrübəsinin azlığına.

«Sabah»dan danışırıqsa, hakim qərəzinə göz yummaq olmaz. Premyer Liqada «olmazsa olmaz» nəsə varsa, o da ədalət təmsilsisi libasında meydana çıxan «fit sahibləri»nin yanaşmasıdı.

Onların beynində nə var, bax, bunu bilmək gərəkdi, gərəksiz düldükləri yox! Görmək başqa… Görünən «Sabah»ın yerli-yersiz sıxışdırılması, əzməyə çalışılmasıdı.

«Sabah» əleyhinə kar, kor və lal oldular. Nə etdilərsə, Allahsızcasına etdilər. «Allah bəlanızı versin!» qarşılığını eşitmədilər əvəzində.

Mədəni olmaq, mədəniyyəti qorumaq, o səviyyəyə düşməmək hər klub rəhbərinin iç dünyasında yer almayan keyfyyətdi.

«Sabah»dakılar sabahı göz önünə gətirib, antipatik hakimlərə «müharibə» çağırışı yapmadı, dərinə getmədi.

Ancaq çətin ki, «fit sahibləri»nə debütanta qarşı amansız olmağı əmr edənlər bu çirkin əməllərindən asnlıqla əl çəkə.

Problemin bir üst səviyyədə aradan qaldırılması artıq zəruridi.

MUSA

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer