Premyer Liqada XXVII tura dünən yekun vuruldu.
Günün son oyununda "Sumqayıt" "Sabah"ı qəbul etdi.
Bir neçə saat əvvəl "Keşlə"nin məğlubiyyətindən lazımınca yararlanan "gənclik şəhəri" təmsilçisi doğma arenasında aktivinə 3 xal yazdırdı.
Bununla xallarının sayını 26-ya yüksəldən "Sumqayıt" 7-ci pillədəki mövqeyini möhkəmlətdi. Ayxan Abbasovun komandası son tur öncəsi axırıncı pillənin sahibi "Keşlə"ni 6 xal qabaqlayır.
Bu isə o deməkdi ki, "Keşlə" mövsümü sonuncu pillədə başa vuracaq. Əsasnaməyə görə, paytaxt təmsilçisi I diviziona yuvarlanmalıdı.
Lakin bu, klubların lisenziya şərtlərinə cavab verib-verməməsindən və Premyer Liqada növbəti mövsüm komanda sayından asılı olacaq.
Tərlan Əhmədov növbəti mövsüm «Keşlə»də qalsa, heyətdə ciddi dəyişikliklər olacağını qeyd edib:
"Məni komandaya Müşahidə Şurasının sədri Zaur Axundov dəvət edib və son sözü o deyəcək. Hələ sona 1 tur var. Qalsam, heyətdə ciddi dəyişilliklər olacaq".
Bu açıqlamanın açması yoxdu, Əhmədov «Keşlə»nin turnir cədvəlinin «zirzəmi»sinə çökməsində özünü qətiyyən günahkar hesab edir.
Onun fikrincə, sonluğun biabırçı alınmasında hamı pay sahibidi, bircə özündən savayı. O, bədəninin harasıyla dalğın düşüncələrə dalaraq bu qənaətə gəlib, mən pas, bilmirəm.
Qoy, klubun MŞ sədri vəziyyəti qiymətləndirsin və nəticə çıxarsın. Mladen Milinkoviçi göndərən də, Tərlan Əhmədovu gətirən də odu.
«Keşlə»nin qarşılaşdığı acı mənzərədən məst olubsa və daha bir uğursuz «futbol ili» yaşamaq istəyirsə, buyursun, Əhmədovu postunda saxlasın.
Bağ onun, bağça onun. Ad onun, yük onun. Üzük onun, qaş onun.
Tərlan Əhmədovun gedəcəyi başqa yer qalmayıb. AZAL elə, «Keşlə» belə.
Bundan onra hansı klub Premyer Liqanı axırıncı pillədə başa vurub I Diviziona yuvarlanmaq, ümumiyyətlə, dağılmaq istəsə, məmuniyətlə və şəkk-şübhəyə dalmadan Əhmədovu sükan arxasına dəvət edə bilər.
Eldəniz Yusifovun sözü olmasın, o, bu missiyanı sevə-sevə başa çatdıracaq. Əvvəl AZAL-da, indi «Keşlə»də elədiyi kimi.
KAMİL

