Hünəriniz varsa, bunları tapın!

6 May 2019 14:00 Köşə 821
Hünəriniz varsa, bunları tapın!

“Qarabağ” növbəti dəfə Azərbaycan çempionu oldu.

Bu xəbərdə təəccüblü heç nə yoxdur.

“Qarabağ”ın növbəti dəfə çempion olacağını nəinki 5 yaşlı uşaq, hətta rusları barmağına dolayan falçı Zirəddin Rzayev də bilirdi.

Hünəriniz varsa, Azərbaycan futbolu ilə bağlı başqa məsələlərdə proqnoz verin və sonra da sinənizə döyərək “görürsünüz, mən deyən oldu” deyə bilin. Hansı məsələləri deyirəm?

Lap yüngülündən başlayaq. Məsələn, kim deyə bilər, “Keşlə” Premyer Liqanı tərk edəcək, ya yox? Niyə gözünüzü döyürsünüz? Axı, qayda-qanun, əsasnamə, nizamnamə, hüquqşünas, AFFA, PFL və bir də Zaur Axundov var axı.

Qayda-qanunla “Keşlə” Premyer Liqanı tərk etməlidir. Amma AFFA, PFL, Zaur Axundovla yox. İndi hansı döyər, qayda-qanun, yoxsa... Hə, Azərbaycanın futbol təsərrüfatında bu suala cavab tapmaq çətindir? Çətin olduğunu bildiyim üçün bu sualı vermişəm də. “Qarabağ”ın çempion olacağını bilməyə nə vardı ki.

Oğul istəyirəm ki, desin... Desin ki, birinci diviziondan yüksək liqaya hansı komanda gələcək. Deyə bilərsiniz?

Nə oldu, niyə belə udqundunuz? MOİK gələcək, yoxsa “Zaqatala”? Bəlkə Şüvəlan” sivişib Premyer Liqaya düşəcək? Ya da Qaradağın Lökbatanı... “Kəpəz” də ola bilər ha. Hələ “Ağsu”nu demirəm. “Turan Tovuz” lap yadımdan çıxmışdı.

Deyin də, bu komandalardan hansının növbəti mövsüm Premyer Liqada olacağını iddia edə bilərsiniz? Bəlkə, 3-ü birdən gələcək? Bəlkə, heç biri gəlməyəcək?

Bəlkə, bəlkə, bəlkə... Bəlkələri təkrarladıqca adam kəkələyir, hə? “Qarabağ”ın çempion olmasını müəyyənləşdirməyə nə vardı ki...

Azərbaycan futbolu ilə bağlı proqnoz verməyin bu qədər asan olduğunu zənn etməyin. “Qarabağ”ın çempion olacağını Zirəddin də bilirdi.

Hünəriniz varsa, bunları tapın: “Keşlə” Premyer Liqanı tərk edəcək? Birinci diviziondan yüksək liqaya hansı komanda gələcək? Elə bilirsiniz futbol təsərrüfatını idarə etmək asandır? Ay sizi...

Natiq Muxtarlı

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer