«Zirə»ni gələn mövsüm də Premyer Liqada görəcəyik.
Samir Abasovun «qartallar»ı «Keşlə» ilə səfər qarşılaşmasından 3 xalla ayrılaraq, çempionatda yerini qorudu.
Bu münasibətlə fəxri prezident Orxan Məmmədov başda olmaqla, klubun bütün rəhbər və inzibati heyətini, məşqçilərini, futbolçularını, digər çalışanları təbrik edirəm!
Doğrudan da, bu, uğurdu, ciddi uğur! Qarşıya qoyul(may)an məqsədə çatmaq asan olmadı, enişli-yoxuşlu dönəmlərdən keçdilər, min əziyyətlə üzləşdilər, ancaq yorulmadılar, usanmadılar, dönmədilər, axırda indiki yerə gəlib çatdılar.
Zəfər mütləq qeyd edilməlidi. Yaxşı ki, mən «Zirə»nin rəhbəri filanı deyiləm, əlimdə imkan olsaydı, Samir Abasovu çox çək-çevir eləməzdim, onunla müqavilənin müddətini uzadardım.
Qoyardım kontraktı qabağına. Deyərdim, buyur, müddəti özün yaz, ürəyindən keçən rəqəmi də böyrünə əlavə elə.
Hələ hamısı deyil. İnan ki, istədiyi büdcəni Samir müəllimə ayırardım, bolluca transferlər etməsinə, xoşuna gəlməyən bütün futbolçuları qovmasına icazə verərdim. Gözümü yummadan, «uf»uldamadan.
Xahiş edərdim ki, nə olar, təki məşqçilikdən birdəfəlik gedən günə qədər «Zirə»də qal, sənə bir şərait yaradım, gəl- görəsən! Vəd edərdim ki, bilənlərin, eşidənlərin ağzı açıq qalacaq.
Gücüm çatardı, çatmazdı - sonranın işidi. Hər halda əlimdən gələni beş qaba çəkərdim kt, hörməti və nüfuzu qarşısında dağların baş əydiyi Samir müəllimi başqa klub rəhbərləri «Zirə»nin əlindən alıb aparmasın.
Bu kluba hələ belə işini və sözünü bilən, çalışqan, məsuliyyətli, dəyərli, gələcək vəd edən, ciddi, sanballı, ətrafdaklıarın sevgisini qazanmağı bacaran, yalnız öz səlahiyyətləri çevrəsində davranan, qarışqanı tapdalamağı qıymayan, uğurlardan doymayan, daim öz üzərində çalışan, «artıran», daha yüksək hədəflərə iddia eləyən, əlqərəz və xülasə, «Min bir gecə nağılı»nın qəhrəmanı olmağa bir nömrəli namizəd baş məşqçi gəlməyib, gəlmir, gəlməyəcək!
Bir daha başbilənlərə qazanılan nəticədən ötrü təbriklərimi çatdırır, arzu edirəm ki, «Zirə» gələn mövsüm, heç olmasa, 1 pillə yuxarı yeri tutsun.
MUSA

