Dediyini etməsələr, qapını çırpsın, yoxsa o, "başını yeyəcək"

30 Aprel 2019 11:00 Köşə 899
Dediyini etməsələr, qapını çırpsın, yoxsa o, "başını yeyəcək"

Azərbaycan futbolunda sürprizlər erası çoxdan geridə qalıb.

Son 2 turda möcüzə baş verməsə, «Səbail» ölkəmizi Avropa Liqasında təmsil edəcək.

«Qəbələ» ilə oyun əsas - üçüncü yeri hansı komandanın tutacağı sualının cavabını praktiki cəhətdən verdi.

Fəhmin Muradbəyli ilə Ağabala Ramazanovun 5 dəqiqə ərzində vurduğu iki qol Aftandil Hacıyevin üstündən dağı götürdü.

«Səbail» son 2 tur öncəsində ən yaxın izləyicisini 5 xal qabaqlayır. Ciddi fərqdi. «Qəbələ» bu fərqi bağlasa, gərək Hacıyev məşqçilik dəftərini bağlasın,

«Pro» kateqoriyasını cırıb yandırsın. Amma o, buna hazırlaşmır. Hər halda Aftandil bəyin 5 xallıq sıçrayışdan məsti-xumar olduğunu hiss etmir, əksinə, «bu, hələ son deyil» deyir.

Zarafat gəlməsin, ortalıqda qalan, hesabdan silinmiş futbolçularla bürünc medalı qazanmağa çox yaxındı.

Nəticələr gözləntilərin üstündədi. Aftandil Hacıyevi «Səbail»in özündə 2-3 nəfərdən savayı istəyən yoxdu. Ona qarşı burda bir «komanda» formalaşıb və saman altdan su yeritmək üçün «iş» görür, dayanmır.

Bu qruplaşmanın başında Ramin Həsənov – keçmiş inzibatçı, fotoqraf, tuman-köynək yuyan bir despot dayanır.

«Qəbələ» üzərində qələbə Həsənovda «soyuq duş» effekti yaratdı. Hacıyev nə alır, nə də verir, odu ki, futbol idarəçiliyi barədə təsəvvürü cır icraçı direktorun gözü onu götürmür.

Bildiyimə görə, «Səbail»də futbolçuları Hacıyevin özü seçir. Qiyməti də özü danışır. Amma bugünədək Həsənov onun hanıssa bir transferdən pul yeməsi barədə fakt əldə edə bilməyib.

İlişəcək bir «çp" tapmayıb onda. Bütün çabalarına rəğmən. İndi bu antipatik bəşər onu arzulayır ki, Hacıyev avrokuboklarda uğursuzluqla üzləşsin, Maykl Essyen kimi bir hisli-paslı məşqçini də bu yerə soxuşdursun.

Bu heyətlə qitə arenasında nəsə bir nəticə əldə etmək qeyri-mümkündü. Hacıyev babat islahat aparmalıdı ki, qaş düzəldən yerdə vurub göz çıxarmasın.

Büdcənin ikiqat artırılmasını tələb etməlidi ki, sonra peşmançılıq olmasın. Şərti şumda kəsməyin vaxtıdı. İstəklərindən biri yerinə yetirilməsə, qapını çırpmalıdı, arxasına baxmadan getməlidi.

İvan Krılovun məşhur «Qurd və quzu» təmsilinin antiqəhramanının müasiri «Səbail»də əyləşib.

Hacıyev ondan qorunmaq üçün 1 saat da yatmamalıdı. Həsənov çox fəndgir və fürsətcildi, yeri gəlsə, erkəy öküzdən də süd sağar.

ELXAN

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer