"Sabah" "Qol var idimi?" müsabiqəsi elan edib.
Mövzu Premyer Liqanın 26-cı turunda baş tutan "Keşlə" ilə oyunun 90+6-cı dəqiqəsində meydan sahiblərinin əleyhinə verilən qol qərarıdı.
Həmin epizodda top "Sabah"ın qapısına daxil olmuşdumu?
Təqdim etdiyimiz videonu izləyib, fikrini daha dolğun izah edən şəxsi 960 manat məbləğində mükafat gözləyir.
Bunun üçün "Sabah" FK ilə bağlılığı olmayan 3 mütəxəssisdən ibarət münsiflər heyəti yığılacaq.
Onların rəyi əsasında ən tutarlı fikir irəli sürən şəxs idman verilişlərindən birinə dəvət alacaq, fikrini mütəxəssislərə əsaslandıraraq mükafata sahib çıxacaq.
Müsabiqədə iştirak etmək istəyənlər bu linkə girib fikirlərini bildirə bilərlər.
Məsələ müsabiqədə, təyin olunan mükafatın məbləğindən getmir. «Sabah», əslində, İnqilab Məmmədova, baş hakimin timsalında Hakimlər və Hakim-İnspektorlar Komitəsinə mədəni etiraz edib.
Narazılığın bu forması futbolumuzda ilk dəfədi, alqışalayiqdi. Bəyənilsin!
Referinin qərəzli münasibəti nəticəsində 2 xal itirən debütant elə bir etiraz yolu seçib ki, bunu ancaq koloriti yüksək insanlar başa düşə, qəbul edə və dəyərləndirə bilər.
Şikayətin şəklini hazırlayanlara bir də afərin! Vallah, bilmirəm ideya kimə məxsusdu, amma onu artıq bilirəm ki, həmin şəxsi AFFA-nın özünə gətirmək lazımdı. Novatora hər yerdə və hər vaxt ehtiyac var, özü də böyük dərəcədə!
«Sabah»ı göydən zənbillə enən klub kimi təqdim edənlər və yanaşanlar yanılır. İddia yaşla ölçülmür, ciddiliyi müddət tanımır.
Yaxın 2-3 ildə «Sabah»ın inkişafını görüb, «hardan hara» sualını verənlər çox olacaq. Gəl, hələ də federasiyada elə qüvvələr var ki, böyük futbolda ila addımlarını yeni-yeni atan klubu «yuvarlıq meşin»dən iyrəndirrmək məqsədindən əl çəkmir.
Müstəqil siyasət yürütməsi birilərinin qarnına sancı doldurub, gözlərinə yuxu getmir. Qış fasiləsindən daha da güclənmiş heyətlə qayıdan komandaya hakimlərin vasitəsilə təzyiq və təsir göstərirlər.
Elə oyun olmur ki, sarı və qırmızı vərəqələri birtərəli səpələməsinlər. Dünya üzrə araşdırılma aparılsa, əminəm, «Sabah» tərəfkeşliyin qurbanlarının ilk «üçlüy»ündə yer alar, ola bilsin, hətta birinci olar.
Bu, məkrdi, təxribatdı, düşünülmüş çirkin kampaniyadı!
«Şüşəbənd»in bir mərtəbəsində gizlənmiş 2-3 bədəncərə məxluq zənn edir ki, əməllərinə «təsadüf» donu biçməyi sonadək bacaracaq, özlərini gizlətməyə müvəffəq olacaqlar.
Belələrinin ömrü cəmi 40 gündü.
Oğurlanan xalları yerinə qaytarsaq, «Sabah» yenə üst sıralarda yer alardı. Qoymurlar, çənbəri daraldırlar, ona görə də klubun səbr kasası aşıb-daşmaq üzrədi.
Bilinir ki, hədəfləri nədi - «Sabah»ı ələ keçirmək, ələbaxan, asılı etmək.
Bu qədər ağ eləmək olmaz! Axırıncı yolu gedirlər.
ELXAN

