A kişilər, buraxın ey Azərbaycan Premyer Liqasının başını.
Burda hər şey bəllidir, qurd quzu ilə otlayır.
Xəbəriniz yoxdur ey, birinci divizionda, region liqasında qırğındır. Saçını yolan kim, üz-gözünü cıran kim, söyüş söyən kim.
Aləm qarışıb bir-birinə. Sizin də başınız qarışıb “Qarabağ” “Neftçi” rəqabətinə. “Qarabağ”la “Neftçi”nin rəqabətinə maraqlı heç nə olmayacaq. Elə hər şey bu vaxta qədər neçə olmuşdusa, elə də olacaq.
Gedin baxın, görün, birinci divizionda MOİK-in məşqçisi nə deyir, “Sumqayıt-2”-nin məşqçisi kimi söyür. Mən ucundan-qulağından deyim, xəbəriniz olsun. MOİK-in məşqçisi deyib ki, kimlərsə “Sumqayıt-2”-ni çempion etmək istəyirlər. “Sumqayıt-2”-nin də məşqçisi bu sözlərdən qeyzlənib və tüpürüb kiminsə məşqçiliyinə.
Bunlar heç ey, maraqlı olan bilirsiniz nədir? Bunlar bir-birlərini niyə qırılar? Ay balam, Azərbaycanın birinci divizionunda çempion olmağın əhəmiyyəti nədir? Bəlkə, çempion olan komanda Premyer Liqaya gəlir? Gəlmir.
Bunu Ramin Musayev də arzuladı, arzuladı, amma görmədi. Bəlkə, çempion olan komandaya böyük miqdarda mükafat verilir. Heç vafli də vermirlər.
Bəs onda deyin də, siz Allah, bu adamlar niyə bir-birlərini ittiham edirlər, söyürlər? Məntiq deyir ki, ağlı olan adam birinci divizionda maya buraxıb çempion olmaz axı. Hə, bax gəldik əsas məsələyə. Azərbaycan çempionatında məntiqin təntənəsini hələ indiyə qədər heç bir kopayoğlu görməyib.
Region liqasında da alqı-satqıdır. Deyilənlərə görə, çempionluğa görə qara qəpik almayacaq adamlar hansısa oyunu almaq üçün 15 min manat veriblər.
Buna məntiqsizlik yox, komediya demək daha yaxşıdır. Özünüzü verin birinci diviziona, region liqasına. Orda qırğındır. Sizi əmin edirəm, özünüzü komediyalar aləminə səyahət edən azarkeş kimi hiss edəcəksiniz.
Oralarda hiss, emosiya, həyəcan, alqı-satqı, söyən, söyülən var. Premyer Liqada qurd quzu ilə otlayır. Di, haydı, yubanmayın.
Tural Turan

