Birdən yadıma düşdü ki, ey dili-qafil, gör nə vaxtdı ki, PFL prezidenti Ramin Musayev haqda tənqidi yazı yazmıram.
Nəinki mən tənqidi yazı yazmıram, heç Ramin müəllimin “bacıoğlu jurnalistlər”inin də onu tərifləyən yazılarına rast gəlmirəm.
Heç elə bil, Azərbaycan futbolunda bu adda adam yox imiş. Vaxt vardı ki, bir yazı AFFA prezidentindən, bir yazı baş katibdən yazanda, birini də PFL prezidentinə “həsr” edirdim. Etiraf edim ki, Ramin Musayev haqda yazılan yazılar daha duzlu olurdu. Nöşün ki, Musayev həqiqətən də kaloritli, duzlu kadr idi. AFFA prezidentində, baş katibdə bir çimdik də duz yoxdur. Ona görə, onlar haqda yazılanlar da duzsuz alınır, oxucu da narazı qalır.
Yadımdadır, o vaxtlar bəzi dostlar deyirdilər ki, əmi, Ramin Musayev yaxşı adamdır, onu çox da tənqid etmə. Mən də deyirdim ki, heç vaxt “Ramin Musayev pis adamdır” yazmamışam. Onu yalnız və yalnız PFL prezidenti kimi tənqid edirəm. Yəni işindən yazıram. Görürsünüz, dostlar, daha Ramin Musayevdən yazmıram.
Nöşün ki, daha PFL yoxdur, daha Ramin müəllimin prezident kimi heç bir səlahiyyəti yoxdur. Eləcə, hər gün AFFA-nın binasına gəlir, kabinetində oturur, axşamın düşməsini gözləyir ki, evə getsin. Yəqin ki, indi Ramin müəllim baş katibin tənqid olunmasına baxıb paxıllıq da edir. Ötən günləri yadına düşür. Yəqin ki, indi “kaş məni də tənqid edən tapılaydı” deyir. İndi yaxşı başa düşür ki, vəzifəsi, səlahiyyəti olanı, iş görəni tənqid edirlər. Vəzifə, səlahiyyətin yoxdursa, heç bir iş görmürsənsə, səninlə kimin nə işi?
Ramin Musayev yəqin ki, bekarçılıqdan darıxır. Özü də möhkəm darıxır. Həm səlahiyyətlərindən sarı, həm də bizim tənqidimizdən ötrü. Ramin müəllim, elə biz də darıxırıq sizin üçün.
Duzsuz AFFA prezidenti, baş katib haqda nə qədər yazmaq olar ey? Vaxtınız olsa, “Kaspi”nin əməkdaşlarını qəbul edin, “Keçmişdəki mən” rubrikası üçün danışdırsınlar sizi.
Heç olmasa, keçmişinizi yada salıb kövrələrsiniz bir az. Kövrəlmək insanı saflaşdırır, duruldur və həm də təsəlli yaradır.
Lap çox darıxsanız, oturub bir çay da içə bilərik. Amma day bundan sonra sizi tənqid edəcəyimə ümid bəsləməyin. Mən, vəzifəsi, səlahiyyəti olmayanları, heç bir iş görməyənləri tənqid etmirəm.
Natiq Muxtarlı

