Azərbaycan yığmasının baş məşqçisi Nikola Yurçeviç vətənində istirahət edir.
Ya da ki bizneslə məşğuldur. Hər nə işlə məşğuldur, özü bilər, yaxşı edir.
Amma onun hər nə işlə məşğul olması idman mətbuatında 3-4 demaqoq jurnalistin xoşuna gəlmir. Bu demaqoqlar iddia edirlər ki, Yurçeviç hər nə işlə yox, Azərbaycan çempionatının oyunlarını izləməklə məşğul olmalıdır.
Amma Yurçeviçin bu əzaba niyə qatlaşmağa məcbur olması barədə heç zad demirlər. Deyin də, Yurçeviç Azərbaycan çempionatının oyunlarını niyə izləməlidir? . İzləməlidir görsün ki, Mahir Mədətovun, Araz Abdullayevin oyununda inkişaf var, ya yox? Ayə, demaqoqlar, gör neçə ildir siz bu futbolçuların oyunlarını izləyirsiniz, hansı inkişaf görübsünüz onlarda? İndi peşəkar Yurçeviç bilmir ki, Mahir Mədətov, Araz Abdullayev bundan sonra inkişaf edə bilər, ya yox?
Yoxsa Yurçeviç Azərbaycan çempionatının qarşılaşmalarını izləyib yeni istedad kəşf edə bilər? Siz izləyirsiniz də, kimi kəşf edibsiniz?
Bəsdirin də demaqoqluq etdiniz. Yurçeviçin vətənində olması AFFA-ya da xeyirdir. Bu, marketinq işidir. Hərgah ki, Yurçeviç Xorvatiyada yox, Azərbaycanda istirahət etməli olsa, xərc daha çox çıxacaq.
Bu adam bahalı oteldə qalacaq? Qalacaq. Səhərlər qara kürü tələb edəcək? Edəcək. Pivə içəcək? İçməlidir mütləq. Nöşün ki, bizim pivəmizi hətta “nemes” Foqts da tərifləyib. Pivənin yanında sosiska da olmalıdır?
Sosiskasız olmaz ki...
Görün bütün bunlara nə qədər vəsait gərəkdir. Hələ onu demirəm ki, Yurçeviç quzu kababından basıb yeyəcək, piylənəcək. Robert yadınızda deyil? Bakıya gələndə silotkaya oxşayırdı. Bir neçə aydan sonra piyli qarnı burnuna dəyirdi. Sonra da sağlamlığında problem yarandı. Zalım oğlu, o qədər yağlı kabab yemişdi ki, tamamilə yağlanmışdı.
Yurçeviçi də onun gününə salmaq istəyirsiniz? İmkan verin adam otursun oturduğu yerdə. Milli komandanın heyətini müəyyənləşdirmək üçün bu qədər xərcə düşməyə ehtiyac yoxdur. Onu AFFA-nın sıravi işçisi də müəyyənləşdirə bilər. Müəyyənləşdirəcək və siyahı da Bakıya gələndə Yurçeviçin qarşısında olacaq. Heç bu demaqoq jurnalistlər olmasaydı, siyahıya da ehtiyac yoxdur. Amma bu demaqoqlar o siyahını öz saytlarında dərc etməlidirlər axı. Siyahı elə onlar üçün lazımdır ki, deyinməsinlər.
AFFA, belə demaqoqlar hər yerdə, hər zaman olub. Onlara fikir verməyin. Siz işinizdə olun. Tutduğunuz yol düz yoldur. BirdənYurçeviç Bakıya gəlmək istəyər ha... Siz Allah, zəng edib deyin ki, gəlməsin.
Natiq Muxtarlı

