Premyer Liqanın ən ciddi yox, ən şit adamı

8 Aprel 2019 19:00 Köşə 989
Premyer Liqanın ən ciddi yox, ən şit adamı

Özgə vaxt özünü ciddi aparan, ən azından bu cür - bazburutlu göstərən fərdin şit zarafatları..

Beləsinə futbolda da yer yoxdu.

Nə varsa, nə olursa, adıyla çağırılmalıdı, öz qiymətini almalıdı.

Samir Abasovun milli ilə bağlı etdiyi məlum şit zarafat «Zirə»nin axırına çıxmasa yaxşıdı. Ölkənin bir nömrəli komandası haqda dedikləri nəinki onu ictimaiyyətin, futbolçularının da nəzərində heç etdi, aşağıya dartdı.

Beş tur sonra mövsümə yekun vurulacaq. «Zirə» axır 2 turu xalsız tamamlamaqla, Premyer Liqa marşrutu ilə avrokuboklara vəsiqə qazanmaq ehtimalını xeyli azaldıb.

Abasov öz gözündəki tiri görməyib, Nikola Yurçeviçin gözündə çöp axtamağa girişməklə, açığı, həm də klubunun rəhbərliyinə hörmətsizlik edib.

Soruşunlar ki, bir ətək pul xərcləmişik, qış fasiləsində büdcədə nəzərdə tutulmayan transferlər etmişik, bəs hanı diriliş?

Soruşmurlar...

Bəlkə də Abasov yatıb yuxusunda görüb ki, «Zirə»ni maliyyələşdirən insanlar pulu küçədən yığır, ona görə də vəzifə öhdəliklərinə barmaqarası yanaşır, can yandırmır, səhvlərdən nəticə çıxarmağa səy göstərmir, məsləhətləri sağ qulağından alıb sol qulağından buraxır.

«Zirə» 8-ci km stadionuna bir öncəki səfərində 2:2 etmişdi. O oyunda qonaq futbolçuları, Samir Abasovu tutmaq olmurdu. «Neftçi»dən daha simpatik futbol sərgiləmişdilər.

Abasovun bərabərlik qoluna hayıl-mayıl olması, atlanıb-düşməsi, xülasə, dəlicəsinə sevinməsi gündəmə bomba kimi düşmüşdü.

Samirin Azərbaycanın ən istedadlı və perspektiv vəd edən gənc məşqçisi kimi təqdimatına tələsənlər 2:2-ni fürsət bilib, haqqında az qala əfsanələr, rəvayətlər uydurdular.

Bəlaləğtli kəlmələrlə uzun bəy kostyumu tikdilər, Roberto Bordini incələyən mahir ovçu, «Neftçi»nin qənimi kimi publikaya sırımağa çalışdılar.

Eh, quyuya su tökməklə quyu sulu olmur! Gərək quyunn içi sulu olsun.

Abasovun içi və başıyla işim yoxdu yenə. Gülürəm və düşünürəm: Samir bəyin yersiz danışıqları, atmacaları «Zirə»ni dəyərdən salır, kluba ikrah yaradır.

Onsuz da, «Zirə»yə sevgi və rəğbətlə yanaşan çox azdı, Abbasov hərəkətləri ilə onların sıralarını bir qədər də seyrəldir. Nəvaxtacan?

Onun konservator olmasını iddia edənləri «Neftçi» susdurdu. «Neftçi» onun üçün ən arzuolunmaz rəqib sayılan «Zirə»yə qalib gəlməyə həmişə çətinlik çəkib və heç vaxt 4 qola sevinməyib.

Abasova «təşəkkür» edərlər yəqin. Onun məşqçi «savad»ına inanıb, daha bir ilkə imza atdılar.

Di, get, «Neftçi»nin sükanı arxasına keçməklə bağlı növbəti xəyallar qur, um-küs, as-kəs.

MUSA

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer