«Keşlə» Premyer Liqanın ən çox legioneri olan 3 klubundan biridi.
Cari «futbol ili»ndə 20-yə kimi əcnəbiyə qucaq açıb paytaxt təmsilçisi.
Və indi bu komanda turnir cədvəlinin son pilləsindədi. Tərlan Əhmədov məsuliyyəti bölüşmür artıq. Birbaşa «bacarmıram» deyir. Onu da etiraf edir ki, heç nə alınmır, «ip»i əldən verib.
Rəhbərliklə baş məşqçi arasında münasibətlər nəvaxtdı gərilib, sular nəvaxtdı bulanıb. O, belə bir vəziyyətdə işləyə bilməzdi və görürsüz, bacarmadığını boynuna alır.
«Keşlə»nin problemi anlaşılmaz və qatmaqarışıq idarəçilik üsul-idarəsindədi. Əslində, idarəçilik-zad yoxdu bu klubda. Tam bir başıpozuqluq hökm sürür.
Balığın başdan iylənməsi gerçəklikdi və təəssüf ki, Əhmədov bu həqiqəti vaxtında dərk etmədi, yaxud dərk etmək istəmədi. İstənilən halda müqəssir özüdü.
Özü yıxılan ağlamaz, bəy!
Bilirdi hara gəldiyini, kimlərlə çalışacağını. Vaxtilə bu rəsmilərlə işbirliyi quran həmkarlarına istehza ilə yanaşır, gülürdü, onları «araya qoyurdu».
O, bunu çəkinmədən edirdi, hər yerdə söyləyirdi. Unutdu ki, köhnə kişilərin «gülmə qonşuna, gələr başına» məsəli var və bu gün həmin durumda qalan, çabalayan özüdü.
Tərlan Əhmədov ötən mövsüm «Neftçi»ni bürünc medalçı etmişdi. «Neftçi» son 5 ildə ən yaxşı nəticəni onun rəhbərliyi altında qazanmışdı.
Uğur əldə elədiyi yerdən qalmaqalla ayrılan baş məşqçi hara getsə də, «Keşlə»nin təklifini geri çevirməliydi.
Başqaları ayla, illə işsiz qalır, təklif gözləyir, Əhmədov da onlar kimi etməliydi. Acından ölməyəcəkdi, dözməli idi.
Bunumu istəyirdi? Olub-qalan reputasiyasını ayaq altına atdı.
Alagözə minmək bir ayıb, düşmək iki ayıb. «Keşlə» bataqlıqdı, palçıqlı yerdi. Tərlan Əhmədov deməsin ki, mən bunu, bunları bilmirdim. O, öz ayağıyla, qaça-qaça edam kətilinin dibinə yıxılıb.
«Keşlə»də qabaqkı məşqçilərin heç birində olmayan səlahiyyətlər onda olub. O məşqçi vəd(lər) verər ki, klubda hər kəsi ətrafına yığsın, bir sözü iki edilməsin.
Əhmədov «bacarmıram» etirafından öncə nəyi bacardığını açıqlasaydı, məncə, bunca gözdən düşməzdi.
Oynatdığı futbol, həyata keçirdiyi yarıtmaz transfer siyasəti qalsın o tərəfdə. O, komandanın əksər üzvlərini özündən narazı salmışdı, haqq tərəzisinin bir gözünü əymişdi.
İşə tək girişdi, yaman yerdə axşamlayası oldu. Dindi, dinləmədi, bil(mə)diyini etdi və budu - ağ bayraq qaldırır indi.
Eldəniz Babayev

