«Qarabağ» «Sumqayıt»ı yerdən-yerə vurmadı.
6:0 görənləri və görməyənləri çaşdırmasın.
Futbolda belə şeylər olur, özü də tez-tez.
Yeni il başlapyandan «Sumqayıt» qələbəyə həsrətdi. Son 8 oyununda qalibiyyətin rəngini unudan Ayxan Abbasovun komandasının «Qarabağ»ı çempionluq yarışından geri atması üçün möcüzə baş verməliydi. O möcüzə isə futbolda çox gec-gec olur.
«Sumqayıt»a öncə can, sonra ruh lazımdı. Cansız bədəndə nə ruh, ay Adəm övladı,..
Ayxan Abbasov bizdən biridi, yaradan deyil, yaradılandı. Qaçıb gizlənmir, «əsas günahkar mənəm» etirafı edir, amma…
Nazim Süleymanovla sezonun başında əsası qoyulan problemləri ortalıqdan yox etmək üçün o, meydanda yalqızdı.
Abbasov tək kontrabasda? Axı bu, necə olur və ya necə ola bilər?
Qəbul edirəm, 0:6 dəhşət saçır. Bu gün heç düşmənimin də Ayxan Abbasovun yerində olmasını istəməz, arzulamazdım. 6:0-ın dəhşətini yaşamaq var e, yaşamaq…
Bir ömür bu yükü qaldırmaz. Hara getsəz, sizi görüb pıçıldayacaqlar: bax, 6:0 uduzan odu. O vəziyyətə düşməyən, o hissi yaşamayan bilməz.
Qara qanlar axır Ayxan Abbasovun içində. Zahirən toxtaq olmaq, ən azından özünü belə göstərmək üçün əlləşir, fəqət daxilən dağılıb.
6:0-a dağ dayanmaz, qaldı 20-30 nəfərin yükünü balaca kürəyində daşıyan kəs.
Heç nə olmamış kimi… Yola davam etmək lazımdı. Olan artıq olub, saatın əqrəbləri «Sumqayıt»ı oyundan əvvələ qaytarmaqda acizdi. Silkələnmək və toparlanmaq üçün 0:6-dan yararlanmaq şərtdi.
Bəlkə də belə yaxşı oldu. Dünənki hesab «Sumqayıt»ı özünü gətirməyə, motivasiya etməyə çatacaq qədər böyükdü və çatmalıdı. 0:6 təhqirdi, aşağılanmaqdı, ayaqlanmaqdı.
Qürur və vicdanı yerində olan istənilən futbolçunu kökləmək üçün bu nəticədən güclü vasitə tanımıram.
İndi onlar sakit buraxılmalıdı. Artıq söz eşitməməlidilər. Zatən «Qarabağ» deyilə və edilə biləcək ən ağır zərbəni meydanda vurub.
Cərimə metodikasını tətbiq etmək və qaza basmaq yaranın üstünə duz basmaq olar.
Bir az istirahət… Bir az sığal … Bir az soyuq başla olanlara yanaşmaq…
Klub rəhbərliyi sükutu pozacaq qərar(lar) verməməli, 0:6-nın gətirdiyi psixoloji sarsıntını, sstresi çox aşağı çəkəcək mənəvi dəstək aksiyası təşkil etməlidi.
«X» bir istirahət məkanında səhərdən-axşamadək əylənmək - lap bu da.
ELNUR

