Sadıq Sadıqov "Neftçi"yə qarşı "oğurluq", hörmətsizlik, yoxsa düz hərəkət edib?

30 Dekabr 2016 13:36 Köşə 1 004
Sadıq Sadıqov "Neftçi"yə qarşı "oğurluq", hörmətsizlik, yoxsa düz hərəkət edib?

"Neftçi"PFK müstəqillik dönəmində üst-üstə 18 kubok qazanıb - 8 çempionluq, 6 ölkə kuboku, 2 superkubok, 1 “Birlik kuboku”, 1 “CBC kuboku”. Müşahidə Şurası 2015-ci ilin aprel ayında 5 qərar almışdı və onlardan biri də klub muzeyinin yaradılması ilə əlaqədar idi.rəsmilərin vədlərinə inansaydıq, hazırda həmin muzeydə iynə atsaq, yerə düşməzdi. Xüsusi otaq uzaq və yaxın keçmişin qiymətli eksponatları ilə dolub-daşmalıydı.

Bu məsələ tez qaldırıldı, tez də yatızdırıldı. Sonradan bununla bağlı danışan, görülən işlər haqda bilgi verən də olmadı. Elnur Məmmədovun öncüllüyündə icra aparatı "Neftçi"nin var-dövlətini xımır-xımır yeməyə girişdi, digər qərarlar kimi, muzeyin yaradılması yaddan çıxdı. Çalışdığı klubu "elektrik stulu"na bənzədən Məmmədov bir də onda ayıldı ki, qaranlıq əməllərinin üsiü açılıb və ona "içəridəsənmi" sualının verilməsinə bir şey qalmayıb. Son anda möcüzəli şəkildə azadlıqda qaldı, hətta Cavid Qurbanov tərəfindən Azərbaycan Voldeybol Federasiyasının baş direktouru vəzifəsinə transfer olundu.

"Neftçi"nin "ikinci əl" yönətimi də susur. Muzeyin yaradılması prioritet məsələ olaraq qalmayıb və qala da bilməz. Əsas komandanın Premyer Liqada rüsvayçı nəticələri fonunda bu haqda fikirləşmək və nəsə etmək absurd olardı. "Neftçi" batır və bir nömrəli vəzifə batan gəmini xilas etməkdi. Orxan Hüseynzadənin ağır işin öhdəsindən gəlməsinə klubun ən sadiq və optimist fanatları belə, inanmır. İctimai rəydə barələrində birmənalı rəy formalaşdırmayıblar. Hüseynzadə və sağ-solunda olanları çox çətin günlər gözləyir. Üç-beş orqanı saymasaq, bütün media onlara antipatiya bəsləyir.

KİV və sosial şəbəkələrin müzakirə dairəsinə son günlər daxil olan mövzu muzeydəki kubokların sayı ətrafındadı. 5 ilə yaxın "Neftçi"yə rəhbərlik edən Sadıq Sadıqovun klubdan gedəndən sonra 3 çempionluq və 2 ölkə kubokunu özüylə apardığı bildirilir. Bunu oğurluq faktı kimi qyimətləndirənlər də var, "Neftçi"nin yeni yönətiminə sayğısızlıq kimi qələmə verən də. Biz deyə bilmərik ki, keçmiş prezidenti hansı niyyətlə belə bir iş tutub. Bu, yalnız özünə və Allahına məlumdu.

Bildiyimiz odu ki, Sadıqovadək "Neftçi"də "xatirə otağı" olmayıb, stend quraşdırılmayıb. Kubok, medal, təltifnamə və diplomların toplanması prosesində bir çatışmazlıqlar üzə çıxıb. Məlum olub ki, öncəki illərə aid qyimətli əşyaların böyük hissəsi it-bat edilib. Hacı Sadığın prezidentliyi dönəmirndə qazanılan kubokları özüylə yeni iş yerinə - "Neftçi" İdman Klubuna (İK) aparmasına gəlincə, burda qəbahət nə var ki?

Bilindiyi kimi, "Neftçi" İB 1,6 ildən artıqdı yaradılıb və səhmdarlarını dəyişən "Neftçi" PFK məhz bu yeni təşkilatın nəzdində fəaliyyət göstərir. "Neftçi" PFK birbaşa SOCAR-dan maliyyələşmir. Yəni, futbol klubuna ayrılan vəsait "Neftçi" İK vasitəsilə ünvanına çatır. Həmin ödəmələr Sadıqovun imzasıyla PFK-nın büdcəsinə daxil olur. Dolayısı ilə futbol klubu yenə də sabiq prezidentinin kurasiyasındadı.

"Neftçi"PFK "Neftçi"İK-nun tərkibindədisə, Sadıq Sadıqovun kubokları İdarə Aparatının bir guşəsində yerləşdirməsi niyə Orxan Hüseynzadə və yan-yörəsindəkilərdə qıcıq hissi yaratmalıdı? Əslində, PFK-nin ofisində toz basmış digər eksponatlar da bura gətirilməli, muzey da burda yaradılmalıdı. Bir halda ki, bu stendin qurulmasının da ideya müəllifi Sadıqovdu. Hüseynzadə və havadarları hələ onun qazandığı kubokların 1-ni qazansın, sonra belə bir iddiada bulunsun. Özləri susur, amma ilanı Seyid Əhmədin əliylə tuturlar. Guya, hər şeyləri var, bircə saqqal daraqları çatmır.

VÜQAR

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer