Azərbaycanın “şərəfini” qoruyan yığma üzvlərinə yoxlama görüşündəki heç-heçəyə görə mükafat verilməsi niyə cəmiyyətə təəccüb yaradıb, bilmirəm.
Axı, Berti Foqtsun vaxtında hətta məğlubiyyətlərə görə də mükafat verilirdi.
AFFA rəhbərliyi yığma üzvlərinin “əzmkarlığından” vəcdə gələrək, büdcəni boşaldırdı.
Ta o vaxta kimi ki, yığmaya yerli mütəxəssis – Qurban Qurbanov rəhbərlik etməyə başladı. Və məlum oldu ki, Qurbanov yalnız nəticə olacağı təqdirdə mükafat verilməsini istəyir.
Belə məqamda “vətənin şərəfini qorumaq” iddiası axtalanmış olur hər bir futbolçuda. Bu, Qurban Qurbanovun kobud səhvi idi. Məhz bu səhvin nəticəsi idi ki, yığma Millətlər Liqasında ən zəif qrupdan da çıxa bilmədi.
Elə bu səhvdən də AFFA rəhbərliyi maksimum yararlandı. “Vətənin şərəfini qorumaq” hissini mükafatın axtaladığı futbolçular AFFA-nın menecer-rəhbərləri ilə həmfikir idilər. Pul vətəndən də önəmlidir tacir üçün.
Məğlubiyyətə görə mükafat almağa vərdiş etmiş futbolçuların, hansısa “cırtdan” ölkə üzərində qazanılan qələbəyə görə pul görməyəndə, gözləri buz üzərinə çıxmış dananın gözləri kimi bərəlirdi. Onlar hətta bu “cırtdanlar”la oyunlardakı heç-heçələrdən də bəxşiş umurdular axı.
Umduğun olmursa, onda maneəni aradan götürmək lazımdır. Beləcə, Qurban Qurbanov aradan götürüldü. Kiçik maneə deyildi ha. Amma tacirlərin pul hərisliyi belə maneələri asanlıqla aşırır.
Hər şey Qurban Qurbanovun günahı ucbatından baş verdi. Pula hərisləri “vətənin şərəfini qoruyaq” düşüncəsinə kökləmək istədi.
Amma bilmədi ki, pula hərislərdə “vətənin şərəfini qoruyaq” hissi anadangəlmə axta olur. Təəccüblənməyin.
Qınayın. Qurban Qurbanovu qınayın. Bu, onun səhvi idi.
Tural Turan

