Siz təəssüflənirsiniz, mən isə sevinirəm

27 Mart 2019 18:12 Köşə 844
Siz təəssüflənirsiniz, mən isə sevinirəm

Bilirəm, çoxunuz təəssüflənirsiniz.

Təəssüflənirsiniz ki, Xorvatiyadan xal almaq olardı.

Boynunuza alın, hətta Xorvatiyanın Macarıstana məğlub olmasından sonra bu təəssüfünüz daha da artıb.

Başınızı əllərinizin arasına alıb “kaş, heyətdə Ramil Şeydayev, Eddi İsrafilov kimi 5-6 futbolçu olsaydı” deyibsiniz.

Siz təəssüflənibsiniz, mən isə sevinmişəm. Sevinmişəm ki, nə yaxşı Ramil Şeydayev ölmədi.

Onu “Qarabağ”da öldürmək üçün hər şey etdilər. Amma başını götürüb Azərbaycandan qaçmaq üçün özündə güc tapa bildi. Və Rusiyada yenidən dirildi.

Ramil Şeydayev Rusiya futbolunun yetirməsidir. Böyük istedada sahibdir, yaxşı gələcək vəd edirdi. O, Azərbaycan yığmasını seçəndə ruslar xeyli təəssüflənmişdilər. İstedadlı bir futbolçunu itirdikləri üçün.

Onda biz sevinirdik, ancaq indi sizi deyə bilmərəm, mən Şeydayevin Azərbaycan yığmasını seçməsinə təəssüflənirəm.

Bu yığmada heç bir perspektivi yoxdur. Şeydayevin. O, Azərbaycan yığmasını seçməklə Rusiyada legioner statusunda oldu.

Deməli, heyətə düşmək indi onun üçün olduqca çətindir. Gərəkdir ki, yerli futbolçulardan 2-3 baş üstün olasan. Şeydayev Azərbaycan yığmasını seçməklə böyük turnirlərdə oynamaq şansını itirdi.

Şeydayev Azərbaycan yığmasını seçməklə Azərbaycan çempionatında keçirdiyi bir neçə ili itirdi. O illər bəlkə də onun karyerasına öldürücü zərbə vurdu.

Rusiya klublarında rahat şəkildə oynayıb Avropaya yollanmaq şansından məhrum oldu.

Ruslar Şeydayev kimi istedadı əldən buraxdıqları üçün təəssüflənirdilər. “Qarabağ”da isə bu istedada Mahir Mədətov kimi istedadsızdan da az dəyər verirdilər. Niyə? Saqqalı yox idi deyə sözü keçmirdi?

Siz Xorvatiya ilə oyundan sonra təəssüflənməyinizdə olun. Mən isə sevinirəm. Sevinirəm ki, “Qarabağ”da öldürmək istədikləri Şeydayev sağdır!

Amma ona da təəssüflənirəm ki, Azərbaycan yığmasına oynamağa məcburdur. Heç bir perspektivi olmayan yığmada.

Natiq Muxtarlı

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer