“Səbail” həm də güldürür…

25 Mart 2019 14:00 Köşə 883
“Səbail” həm də güldürür…

"Səbail" əvəzedici komandasının bəzi üzvlərinin danışılmış oyunlarda iştirakı ilə bağlı mətbuatda yer alan xəbərlərə münasibət bildirib.

Paytaxt təmsilçisi rəsmi sayt vasitəsilə bəyanat yayaraq, iddiaları təkzib edib:

"Son günlər bəzi mətbu orqanlarda “Səbail-2” komandasının bir neçə üzvünün danışılmış oyunlarda iştirak etməsi ilə əlaqədar komandadan xaric olunması barədə əsassız və heç bir fakta söykənməyən informasiyalar dərc olunmaqdadı.

İctimaiyyətdə “Səbail” barədə yanlış fikirlərin formalaşmasına və klubumuzun imicinə zərər vurulmasına səbəb ola biləcək bu cür dəqiqləşdirilməmiş məlumatların fakt kimi təqdim olunmasını qəti şəkildə pisləyirik.

Məlumat üçün bildiririk ki, ötən ilin dekabr ayında həqiqətən “Səbail-2” komandasının üzvləri – Cəfər Əlizadə, Süleyman Mustafazadə, Emil Həsənzadə, Nurlan Rzazadə, Nazim Kərimli və Ağarəhim Kərimovun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Adı qeyd olunmuş futbolçuların komandadan ayrılmasına səbəb hər hansı danışılmış oyunlarda iştirakı deyil,

“Səbail-2”nin məşqçilərinin korpusunda dəyişiklik baş verməsi və yeni məşqçi korpusunun heyətin komplektləşdirilməsi prosesində həmin futbolçuların xidmətinə ehtiyac duymamasıdı.

“Səbail” komandadan ayrılan futbolçulara gələcək karyerasında uğurlar arzulayır.

Son olaraq, ictimaiyyətə yanlış informasiyaların verilməməsi üçün “Səbail” ilə bağlı dərc olunan bütün məlumatların klubun mətbuat xidməti ilə dəqiqləşdirilməsini xahiş edirik".

Bu bəyanat saytımızda gedən bir informasiyadan sonra «doğub».

"Səbail"də QARA ƏMƏLİYYAT - 6 futbolçu düşərgədən atıldı» başlıqlı xəbərdə qeyd etmişdik ki, əvəzedici heyətn düşərgəsində proseslər nəzarətdən çıxıb.

Klub rəhbərliyi 6 futbolçunun I Divizionda mübarizə aparan kollektivdən uzaqlaşdırılması barədə qərar qəbul edib.

Biz iddia etməmişik ki, adları çəkilən oyunçular danışılmış oyunlara girişib və bu üzdən yola salınıb.

Rəsmilərə məsləhət görərdik ki, qiymətli vaxtlarını kilim boyda bəyanat hazırlamağa sərf etmək əvəzinə, həmin xəbəri yaxşı-yaxşı oxuyardılar.

Özü də martın 19-da tirajladığımız məlumata martın 24-də reaksiya vermələri, əslində, bu idarəçilərin necə «peşəkar» və «operativ» çalışmasının göstəricisidi.

Əvəzedici komandada gedən dəyişikləri öyrənmək nə çətin işdi ki, «Səbail»li başbilənlər bunun üçün 5-6 gün gözlədi?

Bəyanat yaymaq həvəsinə düşənlər və bunun daha doğru olmasını fikirləşən rəsmilərə acıyırıq.

Yaxşısı budu ki, Siyasət Əsgərovun çalışdırdığı kollektivə daha çox vaxt ayırsınlar, düşərgəyə və düşərgədəkilərə barmaqarası yanaşmasınlar.

Deyəsən, bunlar orda yaşananlardan elə Sportinfo.az vasitəsilə xəbər tuturlar. Biz yazırıq, sonra üstünə gedirlər.

Niyyətləri səmimidisə, nə üçün mətbuatı vaxtlı-vaxtında rəsmi informasiya ilə təmin eləmirlər? Komandadan bu qədər futbolçu göndərilir, 1 cümləlik məlumat da yayımırlar.

Bilirik, bunlar Ramin Həsənovun işləri və işləkləridi.

Vəzifəsi icraçı direktor olan bu zatın saytımıza münasibəti qeyri-adekvatdı və daim həqiqəti yazdığımız üçün belə ucuz bəyanatlarla ictimaiyyətin gözünə kül üfürmək, beləliklə, diqqəti uğursuz fəaliyyətindən yayındırmaq yolu seçib. Allah hidayət eləsin!

SPORTİNFO.AZ

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer